18:18 14 Dekabr 2019 574
Ana səhifə Xəbərlər

Ana ilə qızını kim öldürüb? - AÇIQ QAPININ BAĞLADIĞI CİNAYƏT

Dekabrın 13-də Bakıda ana və qızı qətlə yetirilib:

“Hadisə Bakıxanov qəsəbəsi, Uğur yaşayış kompleksi, bina 8, mənzil 8-də baş verib”

APA TV-nin məlumatına görə,1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və qızı -1994-cü il təvəllüdlü Elgün Niftizadə yaşadıqları ünvanda öldürülüblər. 25 yaşlı qadının boğazı da kəsilib: “Dəhşətli qətl gördüyünüz bu mənzildə törədilib. Dekabrın 13-dən 14-ə keçən gecə öldürüldüyü ehtimal edilən ana və qızının meyiti üzərində deşici-kəsici alətlə yetirildiyi görünən zərbə izləri aşkarlanıb. Qonşuların bildirdiyinə görə, qətlə yetirilənlər mənzildə kirayə yaşayıb”.

Ana ilə qızının yaşadığı evdə bir nəfər də qalıb. Elgünün rəfiqəsi mənzilə tez-tez həkim sevgilisini də gətirib. Məhz sevgililər cinayət törədildiyi gün Fatma Həmzəyevanın Moskvada yaşayan oğlunun da Bakıya - ana və bacısının yanına gəldiyini bildirib. Bundan daha əvvəldən xəbər tutan həkimdə isə qısqanclıq hissləri baş qaldırıb. Elgünün qardaşı burda olan müddətdə həmin evdə qalmağı sevgilisinə qadağan edən məşuq, onu özü ilə aparıb: “Orda qalan kirayənişinlərlə biz nədənsə heç vaxt rastlaşmamışıq. Daimi yaşayanları tanıyırıq. Burda yaşayan 2 nəfərlə isə üzbəüz gəlməmişəm. Sonradan aydın oldu ki, həmin 2 qadın deşici-kəsici alətlərlə qətlə yetirilib. Bundan başqa heç bir məlumatım yoxdur. Ümumiyyətlə səslərini eşitməmişəm”.

Yaşadığı ünvanda səsi çıxmasa da, Elgün Niftizadə səs-küylü yerdə işləyib. Novxanıda yerləşən kafedəki iş yoldaşları onun gəlmədiyini narahat olub, zəng vurublar. Amma...

Narahat olan təkcə kafenin işçiləri olmayıb, rəfiqəsi də Elgündən nigaran qalıb. Telefonun sönməsi qızı həkimin sözündən çıxmağa məcbur edib. Onun ciddi narahatlıq keçirdiyini görən həkim özü də ona qoşulub. Ünvana çatdıqda isə...

Evin qapısının açıq olması, üstəlik üzərindəki ayaq izi içəridəki dəhşətli cinayətin anonsunu elə astanada verib.

Maraqlıdır, ana və qızı bu qədər dinməz, sakit olub ki, qətlə yetiriləndə də səsləri çıxmayıb? Yəni qonşular heç bir çığırtı, imdad çağırışı eşitməyib? Bəs Moskvadan gələn ailənin oğlu? O Bakıdadırsa, evdə olmalı idi axı. Onu da görən olmayıb?

“Bilirsiniz, biz onları görməmişik. Onlar yeni qonşulardır. Bunu bilirdim ki, o mənzildə 2 qadın yaşayır. Onlardan əvvəl də 2 qız yaşayırdı, restoranda işləyirdilər. Restoranda işləri düz gətirmədi və çıxıb getdilər. Biz 2 qadının öldürülməsini müstəntiqdən öyrəndik. Müstəntiq bizdən səs-küy eşidib-eşitmədiyimizi soruşdu. Heç nə eşitməmişik. Bunlardan əvvəl yaşayan qızlar səs-küy salırdı. Qonşular ev sahibinə şikayət edəndən sonra onları mənzildən çıxardı”.

Amma səs-küy olub. Qonşulardan birinin övladı yuxudan oyanan kimi anasına axşam qadın qışqırığı eşitdiyini deyib. Təbii - uşağa məhəl qoyulmayıb.

Qətlin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə baş verən ünvanda apardığımız çəkiliş, ortaya çıxan suallar, eləcə də qonşuların heç nə duymaması qatilin əməlini yüz ölçüb, bir biçdiyindən xəbər verir.


Sabunçu prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın