03:20 18 Aprel 2018 3304
Ana səhifə Xəbərlər

Ana ürəyi 15 yaşlı oğlunun xərçəng olmasına dözmədi - HƏYAT HEKAYƏTİ

Ceyhunun 15 yaşı var. Arzuları, xəyalları yaşından böyük olan bu oğlan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki 313 saylı məktəbin şagirdidir.

Amansız xəstəliklə mübarizə təhsilini yarıda qoysa da, 15 yaşlı yeniyetmə əzmlə mübarizəyə davam edir, xərçəngi yenməyə çalışır: "Heç bir yerim ağrımırdı. Amma birdən hiss etdim ki, ayaqlarım tutulur. Dayanmadan yediyimi qaytarmağa başladım. Yemək qoxusundan iyrənirdim. Getdikcə ağrılarım şiddətlənirdi. Əvvəlcə elə bildik ki, mədəmə nəsə olub. Qastroenteroloqa getdik, dedi ki, mədə ilə heç bir əlaqəsi yoxdur, başını MRT elətdirin təcili. MRT müayinəsindən sonra müəyyənləşdi ki, başımda şiş var".

Cəbrayıl rayonundan məcburi köçkün olan İbrahimovlar ailəsinin 4 övladı var. Ceyhun ailənin üçüncü övladıdır. Atası Cəlil İbrahimov sürücü işləyir. Buna baxmayaraq, Ceyhun xəstəliyə düçar olan gündən onu bir gün belə müayinə və müalicəsiz buraxmayıblar: "Çox şiddətli baş ağrılarım olur. Ağrılarımı yadıma salmaq istəmirəm. O qədər dözülməz vəziyyətdə ağrıyırdım ki, çörək belə yeyə bilmirdim. 2017-ci ilin aprel ayında əməliyyat olundum. O tarixə qədər də bu proses davam edirdi".

Respublika Neyrocərrahiyə Xəstəxanasında əməliyyat olunan Ceyhuna beyin kötüyünün lorsal yerləşimi ekzotik şişi diaqnozu qoyulur. Əməliyyatdan sonra o, özünü gümrah hiss etməyə başlayır. Amma Milli Onkologiya Mərkəzində şüa terapiyası başladıqdan sonra onun vəziyyəti qəflətən kəskinləşir: "Hazırda ağrılarım azalsa da, sol tərəfimdə ciddi keyləşmə hiss edirəm. Üzümün sol tərəfində dözülməz ağrılar olur. Sol qolum, əlim, ayağım demək olar ki, işləmir. Gözlərim zəifləyir və ən dəhşətlisi budur ki, dişlərimin ağrısına dözə bilmirəm. Qıc olur dişlərim, əgər iki dəqiqədən artıq çəksə, dözə bilmərəm. Elə buna görə də yeməkdən imtina edirəm".

Hazırda Ceyhun ürəyindən də şikayətçidir. Nəfəs alması getdikcə çətinləşir. Köməksiz ayağa qalxıb gəzə bilmir. 10 gün öncə yenidən müayinə olunan Ceyhuna xəstəliyinin irəlilədiyini deyiblər. Ceyhunun sonuncu müayinəsindən sonra anası dünyasını dəyişib. İndi o, həm də anasızlığın xiffətini edir: "Sonuncu müayinədə eşitdim ki, xəstəliyim daha da ciddiləşib. Dedilər, müalicə davam etməlidir. Amma doqquz gündür anam rəhmətə getdiyindən, müalicəm yarıda qaldı. Ayda bir dəfə "Temadal" adlı kimyəvi həb qəbul edirəm. Beynimdə ki, şişin mikroblarını həmin həb öldürür".

Ceyhun oxuduğu 313 saylı məktəbin sevilən şagirdlərindəndir. Deyir ki, düz bir ildir dərslərə ara verib. Amma dostları, sinif yoldaşları, müəllimləri onu tək buraxmır, tez-tez baş çəkirlər. Özü də məktəbsiz darıxdığını deyir. İndi darıxanda şeir yazdığını, rəsm çəkdiyini deyən Ceyhununun yalnız bir diləyi var: "Çox xahiş edirəm. Bilirəm də ki, mənim kimi onlarla xəstə uşaqlar var. Kömək etsinlər, biz ayağa qalxaq. Axı biz də gələcəyin əsgərləriyik".

İndi Ceyhun Cəlil oğlu İbrahimovun adına "KapitalBank" da hesab açılıb.

"KapitalBank"

4169 7332 1253 9840

207 9390393

AZN 207

Ceyhunun köməyinizə ehtiyacı var, əsirgəməyin!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın