12:40 11 Dekabr 2019 144
Ana səhifə Xəbərlər

Analığın zülm etdiyi Qulu: “Dağ basıb, yaraya duz tökürdü, atam da...”

Neçə gündür hamı onlardan danışır. Dövlət qurumlarının nümayəndələri də, sosial şəbəkə istifadəçiləri də. Yəqin ki, tanıdınız - söhbət ata və analıq zülmünə məruz qalan Qulu və Hüseyn Kazımov qardaşlarından gedir.

Doğma anaları onlar körpə olanda vəfat edib. Ataları - Ağcabədi rayon sakini Xəqani Kazımov sonradan Nuranə adlı qadınla ailə qurub. Ardını uşaqların babası, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kənd sakini Qulu İbrahimovdan eşidək: “Qabaqcadan Xəqani evlənmişdi. Sonradan həyat yoldaşı rəhmətə gedib, mənim qızımla evlənib. Körpə yaşlarından 1-ci həyat yoldaşından olan uşağı mənim qızım saxlayırdı. Bu uşaq da xəbər tutub ki, körpələri Xəqaninin indi evləndiyi qadın döyür. Mənə dedilər ki, özünü çatdırmasan, səhər gedəcəksən ki, uşaq ölüb. Səhər saat 11-də Zabrata çatdıq. Qapını döydük, açan olmadı. Qapının dəliyindən baxanda gördüm ki, hər iki uşağın qolu sarıqlıdır. Qışqırdım ki, uşaqlar, nə edirsiniz? İçəridən uşaqlara qışqırdı ki, qayıdın geri. Nə qədər yalvardım ki, qapını açsın, açmadı”.

Əlacsız qalan Qulu İbrahimov “102”yə zəng edərək, polis çağırıb: “Polis gəldi, yenə açmadı. Hətta söyüş söyməkdən belə çəkinmədi. 2 idmançı polis əməkdaşı gəldi. Bir-birinin belinə çıxaraq, içəridən qapını açdılar. Polis içəri girəndə uşaqlar qışqırdı ki, bizə işgəncə veriblər”.

Baba deyir ki, Nuranə uşaqlar ac olanda onların boğazına acı istiot töküb. Bu da son deyil: “Bıçağı qızdırıb Hüseynin ayağına basırdı. Deyirdi namaz qılanda sakit durun. Sakit durmasanız, bıçağı qızdırıb Hüseynin ayağına basacağam. Sonra Hüseynin əlini duzlu suya salırdı, iynə batırırdı. Daha sonra sarıyırdı və duz tökürdü. Çörək yeyəndə ağzımıza istiot tökürdü”.

Qulu və Hüseyn onlara verilən işgəncələri unuda bilmir. Uşaqların iddiasına görə, Nuranə onları ac saxlamaq azmış kimi, ördək hinində asıb.


Belə hadisələri filmlərdə görərdik. İndi təəssüf, reallıqdır. 6 yaşlı Qulu kiçik qardaşı Hüseyni ördək hinindən xilas edib: “Qardaşını ipdən açıb evə gətirib və stolun altına salıb ki, heç kim görməsin”.

Baba uşaqları öz himayəsinə götürmək niyyətindədir: “Mən şəxsən bu yaşımda baş əyirəm ki, mənə kömək edəsiniz. Verəsiniz mənim himayəmə. Özüm saxlayacağam”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" səhifəsində bildirib ki, faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın