21:00 14 Yanvar 2021 52
Ana səhifə Xəbərlər

Anar Kərimov: “Abidələrin bərpası işlərinə Şuşa şəhərindən başlanılacaq"

"Biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun".

APA TV xəbər verir ki, bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

Yaxın günlərdə bu barədə yekun qərarın elan ediləcəyini bildirən baş direktorun sözlərinə görə, ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq, daha sonra isə işğal olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə aparılacaq. O qeyd edib ki, ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək: "Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq".

Konfransda iştirak edən Mədəniyyət Naziri Anar Kərimovun sözlərinə görə, azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir. Hazırda 6 rayon üzrə məlumatlar əldə edilib və bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib ki, onlardan da 195-i Şuşada yerləşir. Nazir hazırda əldə edilən məlumatların sistemləşdirildiyini vurğulayıb: "Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərindən başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa mədəniyyətin paytaxtı elan edilib. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır".

Bütün Alban kilsələrinin bərpası üçün lazımi şəraitin olmadığını bildirən nazir, bunun səbəbini kilsənin tamamilə Azərbaycanın nəzarəti altında olmaması ilə izah edib. Nazir Şuşadakı Qazançı kilsəsinin də bərpa ediləcəyini bildirib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng monastırı bizim nəzarətimizdədir, lakin Gəncəsar və Amaras monastırları hələlik bizim nəzarətimizdə deyil. O abidələr ki, bizim nəzarətimizdədir, mütləq bərpa ediləcək deyə nazir bildirib.

Qeyd edək ki, Abidələrin bərpası işlərinə Şuşa şəhərindən başlanılacaq.

Mir Çingiz Ağazadə,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın