16:13 13 Fevral 2020 992
Ana səhifə Xəbərlər

AQTA koronavirus üzrə yüksək riskli məhsulların siyahısını hazırlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində “Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı”nı hazırlayıb.

APA TV-nin məlumatına görə, bunu Agentliyin sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "quş qripi" üzrə müxtəlif növlərə aid diri quşlar, quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri yüksək riskli məhsullardır. Qoşqar Təhməzli koronavirus üzrə yüksək riskli məhsulların növlərini açıqlayıb: "Bu siyahıya isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, quş və quş məhsulları daxildir".

Agentlik tərəfindən Çində yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Biotəhlükəsizliyin önəmindən danışan sədr Azərbaycanda yeni Qida Təhlükəsizliyi Klinikasının yaradılacağını bildirib. Qoşqar Təhməzlinin sözlərinə görə, klinikanın nəzdində Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi və Toksikoloji Araşdırmalar Mərkəzi fəaliyyət göstərəcək: “Biotəhlükəsizlik məsələsi ilə əlaqədar nəzərinizə çatdırmaq istəyirik ki, Qida Təhlükəsizlik İnstitutunun nəzdində Qida Təhlükəsizliyi Klinikası yaradılacaq. Həmin klinika özündə iki əsas sahəni əhatə edəcək. Onlardan birincisi Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi, digəri isə Toksikoloji Araşdırmalar Mərkəzi olacaq. Bu iki mərkəz bilavasitə Azərbaycanda istər idxal zamanı, istərsə də Azərbaycanda istehsal olunan məhsulların üzərində tamamilə biotəhlükəsizlik göstəricilərinin təmin olunması sahəsində lazımi işləri görəcək”.

Bundan əlavə, bu il Azərbaycanda idxal-karantin məntəqələri yaradılacaq. Qoşqar Təhməzlinin sözlərinə görə, 2 idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulsa da, növbəti illər ərzində məhsul idxal olunan digər sərhəd-keçid məntəqələrindən kənarda da belə məntəqələrin qurulması planlaşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın