05:20 19 Noyabr 2019 42
Ana səhifə Xəbərlər

Arif Hacılı: “Müsavat Partiyasından Avropaya bir nəfər də göndərilməyib”

“Müsavat Partiyasından Avropaya bir nəfər də göndərilməyib”.

APA TV-nin məlumatına görə, bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 19-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, partiya ətrafında gündəmə gətirilən mühacir qalmaqalı ilə bağlı mətbuatda yazılanların heç bir əsası yoxdur: “Müsavat Partiyasından guya milyonlarla adamın Azərbaycandan kənara aparılması ilə bağlı məlumat yazanlar olub. On minlərlə adamın Avropaya göndərilməsi ilə bağlı yazılanlar da olub. 13 min nəfərin göndərilməsi ilə bağlı bu gün bir yazı oxudum. Bunların heç bir əsası yoxdur. Bunlar yalandır. Müsavat Partiyasından Avropaya bir nəfər də göndərilməyib”.

Arif Hacılı müsavatçıların Azərbaycanı tərk etməsinin partiyaya ziyan olduğunu vurğulayıb: “Müsavat Partiyası bir nəfərə də olsun, Azərbaycanı tərk etməyi tövsiyə etməyib. Əksinə, Azərbaycandan getmək istəyində olan adamlara məsləhət görmüşük ki, Azərbaycanda siyasi vəziyyətin dəyişməsi mümkündür. Azərbaycanda siyasi fəallığın davam etməsi üçün passionar təbəqənin ölkəni tərk etməsi Azərbaycan üçün ziyandır”.

O, adının hallandırıldığı “Sirab” şirkəti ilə bağlı məsələyə də toxunub: “Bəli, Müsavat AKM-nin üzvü olan Mehdi Xəlilbəylinin “Sirab” adlı bir şirkəti var. Bu şirkət mineral su satan şirkət deyil. Bu, müxtəlif yerlərə yükdaşıma xidmətini həyata keçirən bir şirkətdir və adı tamamilə başqadır. Yəni əvvəli “Sirab”dır, arxasında başqa söz yazılıb. Babək rayonunda olan “Sirab” şirkətindən fərqli olaraq, bu “Sirab”ın adından sonra başqa sözlər yazılıb. Bunlar tamamilə fərqli, bir-biri ilə əlaqəsi olmayan şirkətlərdir”.

Arif Hacılı deyib ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır, ona görə də partiyaya qarşı irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın