10:30 29 Mart 2021 76
Ana səhifə Xəbərlər

Arzusu əsgərlikdən sonra ali məktəbə qəbul olmaq idi - REPORTAJ

Qusar rayonunun Cibir kəndi Vətən Müharibəsində 4 şəhid verib. Kəndin qəhrəman övladlarından biri 18 yaşlı Malik Xeyirbəyovdur. O, Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Malik Xeyirbəyov 2002-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olub. Evin böyük övladı olan Malikin iki qardaşı və bir bacısı var:

Atası Samik Xeyirbəyov oğlunun Vətən Müharibəsində cəsurluğu ilə yadda qaldığını deyir: “Malik 2008-ci ildə birinci sinfə gedib. Dərslərini yaxşı oxuyub. Sonra kollecə qəbul olundu. Birinci kursu bitirdikdən sonra əsgərliyə yollandı. Komandirlərinin dediyinə görə, Vətən Müharibəsində cəsurluğu, igidliyi ilə seçilən əsgərlərdən olub. Telefonla danışanda hər şeyin yaxşı olduğunu, torpaqlarımızı düşməndən azad etdiklərini bildirirdi. Çox cəsarətli oğul idi. Fiziki göstəricilərinə görə kəşfiyyatçı seçilmişdi. Cəbrayıl, Füzuli və Hadrut uğrunda döyüşlərdə iştirak edib, Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı”.

Malik əsgərlikdən sonra kolleci bitirmək və ali məktəbə qəbul olunmağı arzulayırdı. Anası Sima Xeyirbəyova deyir ki, şəhadət zirvəsinə yüksəlməsindən beş ay keçsə də, onun yoxluğunu qəbul edə bilmir, hələ də gözü yollardadır: “Elə bilirəm nə vaxtsa qayıdıb gələcək. Ağıllı, mehriban, tərbiyəli uşaq idi. Arzuları çox idi. Kolleci qurtarıb ali məktəbə qəbul olmaq istəyirdi. Vətən Müharibəsində Füzuli uğrunda döyüşlərdə şəhid oldu. Oğlumun müharibədəki şücaəti barədə eşitdiklərim məni ana kimi çox qürurlandırır. Bu dünyadan şərəfli ölümlə köçdü, Vətən yolunda şəhid oldu. Mən bununla özümə təsəlli tapıram. Torpaqlarımızın azad olunmasında mənim balamın da payı var”.

Kəşfiyyatçı Malik Xeyirbəyov oktyabrın 26-da Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb:

Bacısı Ayna Xeyirbəyovanın sözlərinə görə, qardaşı zəhmətkeş olub və atasına işlərində kömək edirmiş: “Qardaşım zəhmətkeş, zarafat xoşlamayan idi. Həmişə təsərrüfat işlərində atama kömək edərdi. Kənddə də böyükdən-kiçiyə hamı tərəfindən sevilirdi. Şəhidlik uca bir zirvədir. Şəhid bacısı olmağımla fəxr edirəm”.

Şəhid Malik Xeyirbəyov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın