08:40 21 Fevral 2020 279
Ana səhifə Xəbərlər

Aspiranturanı atıb bukinist oldu: 5 min kitab oxuyub - REPORTAJ

Elektron kitabın kağız kitabı məğlub edəcəyinə inanmayanların sığındığı ünvanlardan biri də qapısından girən kimi köhnə kitab qoxusu verən bukinistlərdir. Sumqayıt şəhərində də köhnə kitabların sığınacaq yeri var.

30 ilə yaxındır kitab satışı ilə məşğul olan Xan Rəsuloğlunun Sumqayıtdakı dükanı ora yolu düşən kitabsevərlərin həmişə dayanacaq yeri olub. Əsl adı Xanoğlan Quliyev olan bukinisti kitabsevərlər “Xan” təxəllüsü ilə tanıyır: “Kitab işinə adamı kitaba sevgisi sövq etdirir. Uşaq vaxtımdan kitab yığırdım, evimdə böyük bir kitabxanam vardı. Ali təhsilim də filologiyadır, Bakı Dövlət Universitetini qurtarandan sonra elmi işlə də məşğul olmaq istəyirdim, amma iş elə gətirdi ki, doğrudan da keçid dövrünə düşdü. Dolanışıq zəif olduğuna görə məcbur oldum aspiranturanı da tulladım, başladım bizneslə məşğul olmağa. Başqa işlərlə məşğul olurdum, onunla yanaşı, artıq gərəyini itirmiş, lazım olmayan kitabları qoydum, yavaş-yavaş bir də gördüm ki, kitab biznesindəyəm”.

Özü də mütaliə həvəskarı olan Xan Rəsuloğlu həm də bunun sayəsində kitabdan uğur qazana bilib: “Dünya ədəbiyyatı klassiklərindən oxuyanlar, elmi-fəlsəfi-psixoloji kitablar oxuyanlar gördükcə adamın özü də qürurlanır. Əgər Sovetin dövründə nə gəldi oxuyurduqsa, indi artıq cavanlarımız nə gəldi oxumurlar, seçib oxuyurlar və mənə xoş gələn cəhət budur”.

Həmsöhbətimiz kitab oxumayanla oxuyanı belə müqayisə edir: “Birinci növbədə mən özüm üçün kəşf eləmişəm ki, kitab oxumaq insana düşünmək öyrədir. Nə mənada düşünmək öyrədir? Ola bilsin ki, kitabsız da düşünürük. Amma düşüncənin özündə, beyində elə bir funksiya var ki, zora, məntiqə anti-reaksiya göstərir, düşüncə qabiliyyətinin nizam-intizamını yaradır, düşünməyi öyrədir insana. Ona görə kitab oxuyan insan oxumayana nisbətən daha dərinlərə vara bilir. Çünki məntiqlə gedirsən. Kitabsız düşünən insan daha çox təxəyyül, xəyalı ilə inkişaf edir”.

Xan Rəsuloğlu bukinistliyin çətin sənət olduğunu və hər adamın bu çətinliyə tablamadığını desə də, qeyd edir ki, bukinist ac qalmır, ancaq böyük gəlir barədə də düşünməməlidir.

Müsahibimiz kağız kitabların tam sıradan çıxacağına inanmır. Onun fikrincə, kitabların sayı azala bilər, ancaq onların yerini tam tuta biləcək nəyinsə kəşf olunacağını təsəvvür etmir. Çünki internetin inkişafı sayəsində elektron mətnlər meydanı tutsa da, çox adam internetdəki mətnləri kağıza köçürüb oxuyur. Kompüterin insan sağlamlığına ziyanını da nəzərə alsaq, kağızdan yaxşısı yoxdur.

Xan Rəsuloğlunun mağazasında kitabsevərlərə güzəştlər də var. Məsələn, oxuyub bitirdiyiniz kitabı burada yenisi ilə dəyişə bilərsiniz: “Kitab alıb satmaqdan da əlavə, bizdə kirayə də var, kitabını dəyişmək də. Birinci növbədə çalışıram ki, maksimum ucuz olsun. Məsələn, sizə bir kitab göstərdim bayaq, 13 manat dəyərində idi, mən 5 manata satıram. Mən də uşaq vaxtı kitabları yığanda da belə edirdim. Öncə kitabxanadan götürüb oxuyurdum, xoşuma gələni gedib alırdım”.

Mütaliəni yüksək dəyərləndirən gənclərimiz bu gün kifayət qədərdir. Çəkiliş etdiyimiz vaxt kitab almağa gələn gənc oxucu Əşrəf Əşrəfli də 2012-ci ildən bu köhnə kitab evinin daimi alıcısıdır. Deyir ki, bukinist nə qədər savadlı, təcrübəli olarsa, oxucunun da marağı birə-beş artar: “2012-ci ildə yaxın dostum təklif eləmişdi Xan əminin kitab yerini. Məndə də bu köhnə kitablara, ələlxüsus da Sovet nəşriyyatına həvəs olduğu üçün ondan sonra sevimli məkanıma çevrildi. İlk əvvəllər hansı kitabı oxuduğumu seçəcəyimi bilmədiyim üçün Xan əminin çox köməyi olurdu. İstər klassiklərdən, istər müasir yazıçılardan məsləhət gördüyü çox kitab var, özü də çox kitab oxuyandır. Bildiyim qədər, 5 minə yaxın kitab oxuyub. Ondan sonra hər dəfə özüm gəlib axtarıram kitabları. Yarım saat, elə olur 3 saat, 4 saat burda vaxtım keçir. Bir aylıq oxuyacağım kitabları seçib gedirəm evə”.

Oxucu kitab oxumağın üstünlüklərini belə sadalayır: “Yeni həyatlar tanıyırsan, təcrübə yığırsan, həyatda daha az səhv eləyirsən. Çünki bu obrazları ki, oxuyursan, hər biri bir həyatdır, hər biri bir hekayədir. Onlardan dərs götürürsən, hansı anda hansı hərəkət eləmək lazımdır öyrənirsən. Çox kömək olur kitab, fantaziyan genişlənir”.

Göründüyü kimi, kitab təkcə bilik yox, həm də təcrübə mənbəyidir. Ən başlıcası isə odur ki, kitaba ayırdığımız vaxt heç vaxt hədər getmir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın