10:00 08 Avqust 2019 97
Ana səhifə Xəbərlər

Astarada ilin son bal süzümü - ÇİÇƏK TOZU, GÜLƏM, VƏRƏMUM

Astarada bu ilin son bal süzümü gerçəkləşir. APA TV-nin cənub bürosunun məlumatına görə, arıçılar aylardır çəkdiyi zəhmətin bəhrəsini götürür. Rayonda 1200 nəfər arıçı, 30 minə yaxın arı ailəsi var. Arıçılar ötən həftədən etibarən 2-ci bal süzümünü həyata keçirir. Yazın əvvəllərində, ağacların çiçəkləmə dövründə yağan yağışlar bal yığımına mənfi təsir edib. Amma məhsuldarlıq və keyfiyyət arıçıları yenə qane edir. Hər arı ailəsindən 1-ci süzümdə 10-12 kq, 2-ci süzümdə isə 8-10 kq bal götürülüb: “200 arı ailəsi var. Hər arı ailəsindən orta hesabla 10 kq bal süzmüşəm. 15 kq-a yaxın çiçək tozu, 5 kq güləm, haradasa 1 kq vərəmum yığmışam”. Rayonda arı ailələrinin sayı ilbəil artır. Dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsi bu sahəyə həvəsi artırır. Bundan əlavə - rayonda bu yaxınlarda fəaliyyətə başlayacaq qablaşdırma sexi astaralı arıçıların işini daha da asanlaşdıracaq: “2018-ci ilin subsidiyalarını biz çoxdan almışıq, 2019-cu ilin subsidiyasını növbəti həftədə alacağıq. 20-25 gündən sonra qablaşdırma sexinin açılışı olacaq”. Qablaşdırma sexinin açılmasıyla arıçılar məhsullarını satmaqda əvvəlki çətinlikləri çəkməyəcək. Bal məhsullarının satışı ilə bağlı arıçılar üçün yaradılan digər şərait müvafiq yarmarkaların təşkilidir. Payızda təşkil olunacaq yarmarkaya tam hazır olan arıçılar məhsullarını adətən sifarişlər əsasında satır. Qeyd edək ki, 1 kq balın qiyməti 20-25 manat arasında dəyişir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın