12:04 21 Yanvar 2021 111
Ana səhifə Xəbərlər

Atası, babası, ulu babası müharibə iştirakçısı olan qazi - REPORTAJ

Onun uşaqlıqdan arzusu olub ki, böyüyəndə hərbiçi olsun. İşğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etsin. İstəyin də nail olub.

APA TV xəbər verir ki, söhbət 44 günlük Vətən müharibəsində yaralanaraq qazi olan gizir Vüsal Qasımovdan gedir.

Qəhrəmanımız Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. O, hələ balacalıqdan vətəninə, torpağına bağlı olub. Elə bu bağlılığı onu hərbçi olmağa gətirib çıxarıb.

Vüsal 8 ildir ki, Azərbaycan Ordusunda qulluq edir. Qazimiz ötən ilin sentyabrın 27-də başlanan Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqq savaşında böyük şücaətlər göstərib. O, Vətən müharibəsində Talış kəndi və Suqovuşanın azad edilməsi uğrunda qəhrəmancasına döyüşüb.

Vüsal sağaldıqdan sonra yenidən mübarizəyə davam edib. Atəşkəs elan olunan günə kimi, düşmən tapdağı altında olan torpaqlarımızın erməni işğalından azad olunması uğurunda həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlarda iştirak edib. Qəhrəmanımız deyir ki, döyüşdə yalnız bir hiss olub ki, şəhid olsaq belə, torpaqlarımız düşməndən azad edilsin.

Onun babası da müharibə iştirakçısı olub. Vüsalın arzusu olub ki, babasının yolunu davam etdirsin.

Qazinin atası da 35 il hərbidə gizir kimi xidmət edib. Birinci Qarabağ müharibəsində döyüşüb. Dövlət tərəfində ona və qazi oğluna göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir. Atası Məhərrəm Qasımov onun yolunu davam etdirən övladı ilə fəxr etdiyini deyir.

Qazının anası Elminaz xanım deyir ki, 44 günlük Vətən müharibəsində biz anaların gecəsi, gündüzü olmayıb. Vüsal döyüşlərə qatıldığını və yaralandığını bizdən gizlədib. Döyüşdə yaralanandan bir neçə gün sonra bilmişik ki, o müharibədə olub.

Vüsal Qasımov Vətən müharibəsində göstərdiyi şücaətlərə görə, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 3 dərəcəli “Vətənə xidmətinə görə” medalı ilə təltif edilib. Qazimiz ailəlidir 2 övladı var. Onun indi bir arzusu var, müalicəsi bitdikdən sonra işğaldan azad olunan torpaqlarımızda döyüş yoldaşları ilə birlikdə xidmətini davam etdirmək.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın