14:00 02 May 2021 217
Ana səhifə Xəbərlər

Atasının yarımçıq qalan işini qanı bahasına tamamladı - REPORTAJ

Əsgər Elşən Ağasıyev Vətən Müharibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

1999-cu ildə Xaçmaz şəhərində doğulan Elşən Ağasıyev müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanıb. Qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb.

Döyüş yoldaşlarının dediyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək döyüşməyə davam edib.

Anası Zəminə Ağasıyevanın sözlərinə görə, Elşən mehriban və vətənpərvər övlad olub: “Biz onu elə tərbiyə etmişdik. Döyüşlər başlayanda hamı məni qınayırdı. Deyirdilər, çox narahatsan. Mənim narahatlığım elə-belə deyildi. Çünki mən oğlumu tanıyırdım. Bilirdim ki, Elşən sakit duran deyil, irəli atılacaq. Onu saxlamaq mümkün deyil. Axırıncı dəfə sentyabrın 30-da danışdıq. Bizimlə sağollaşıb halallaşdı. Allaha çox sağ ol deyirəm ki, mənə bu cür oğul bəxş edib. Qısa ömrü ilə mənə çox böyük qürur yaşatdı. Cəmi 21 il yaşadı. Amma tarix yazıb getdi. Oğlumla fəxr edirəm”.

Elşən Ağasıyevin atası Ağabala kişi Birinci Qarabağ savaşında dörd il könüllü olaraq döyüşüb: “Ötən ilin may ayında hərbi xidmətə başlamışdı. Vətən Müharibəsində digər istiqamətlərlə yanaşı, Talış və Suqovuşan uğrunda gedən döyüşlərin də iştirakçısı olub. Suqovuşanda şəhidlik zirvəsinə ucalıb. Mən özüm də 1992-ci ildə Qarabağ döyüşlərində könüllü iştirak etmişəm. Dörd il Füzuli, Ağdam cəbhələrində savaşda olmuşam. Oğlum döyüşən Tərtər istiqamətində isə olmamışam. Elşən həmişə deyirdi ki, ata, sizin yarımçıq qoyduğunuz işləri tamamlayacağam. Doğrudan da döyüşdü və söz verdiyi kimi, bizim bacarmadığımızı həyata keçirdilər. Torpaqlarımız düşməndən azad olundu. Əsgər yoldaşlarının dediyinə görə, Elşən ayağından yaralansa da, döyüşü tərk etməyib və axıradək qəhrəmanlıqla savaşıb. Elə bilirdim oğluma heç nə olmayacaq. Şəhid olacağı ağlıma gəlmirdi. Amma o, Vətən yolunda şəhid oldu”.

Qardaşı Sənan Ağasıyev deyir ki, Elşən dostlarına şəhid olacağını deyibmiş: “Bir yerdə idmana getmişik. Sərbəst güləşlə məşğul olurdu. Medallar da qazanıb. Müharibədən danışanda irəli getdiklərini deyirdi. Dostlarına bildirmişdi ki, şəhid olacaq. Elə də oldu. Oktyabrın 3-də şəhidlik zirvəsinə ucalması ilə bağlı xəbər aldıq”.

Şəhid Elşən Ağasıyev ölümündən sonra “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın