13:20 02 Aprel 2018 992
Ana səhifə Xəbərlər

Autizmli uşaqların ümid yeri: atlar - REPORTAJ

Kimi qorxur, hətta ağlayır. Kimi də qorxusunu dəf edib yaxınlaşır, toxunur... Uşaqların atlarla ilk ünsiyyəti hər uşaq üçün fərqli şəkildə yadda qalır.

Əvvəlcə tövlədə atlarla ilk tanışlıq olur. Daha sonra açıq havada peşəkar təlimçinin nəzarəti altında uşaqlar ata minirlər.

Bu uşaqların hamısı autizmlidir. Bu gün Beynəlxalq Autizm günündə onlar üçün unikal imkan yaranıb. Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzi (Baku Golden Horse Therapy and Educational Center) artıq 4 ildir ki, autizmli uşaqların reabilitasiyası ilə məşğuldur. Aprel ayında bu patologiyaya diqqət çəkmək üçün bir çox layihələr həyata keçirilir. Ay ərzində autizmli uşaqlar məhz bu mərkəzə gələrək atların faydalı enerjisindən yararlanana bilərlər: “Autizm xəstəlik deyil, patologiyadır. Nitq pozğunluğu, sosiallaşma kimi problemlərlə özünü büruzə verir. Autizmin reabilitasiyasında ən effektiv metodlardan biri də ippoterapiyadır”.

Atlar mənfi enerjini götürür, əvəzində müsbət enerji ötürür. Onların bu özəlliyi müxtəlif xəstəliklərin, patologiyaların müalicəsində mühüm rol oynayır, xüsusilə də autizmin. Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzi illərdir bu istiqamətdə kifayət qədər iş görür. Bu günə qədər mərkəzdə təxminən min uşaq reabilitasiya keçib: “İppoterapiya dünyada geniş yayılmış terapiya növüdür. Burada əsas xüsusiyyət odur ki, heç bir uşaq müalicə olunduğunu hiss etmir. Atın bədən temperaturu bizimkindən 2 dərəcə yüksəkdir. Atlarla hərəkət edərkən bədən əzələləri dartılır, tarazlıq tənzimlənir. Spektr pozğunluğu, diqqət pozğunluğu, dayaq pozğunluğu olan uşaqlar üçün, daun sindromlu və serebral iflici olan uşaqlar üçün atçılığın böyük xeyri var”

Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzinin məqsədi həm də Qarabağ cins atlarını təbliğ etməkdir. Sərxan Tağıyev mərkəzi böyütmək, daha çox uşağa kömək etmək arzusundadır: “Biz daha çox uşağı qəbul edə bilərik. Məsələn, bir ayda 100-200 yox, 500-600 uşaq qəbul edə bilərik. Cənubi Qafqazda ən böyük mərkəz bizdədir. Hər il AIESEC kimi beynəlxalq təşkilatların könüllüləri 1-2 ay mərkəzin qonağı olurlar”.

Uşaqlarla rahat ünsiyyət qura bilməsək də, valideynlər ippoterapiyanın faydalarını hiss edirlər: “Uşaqda göz kontaktı yox idi, çağıranda eşitmirdi. Sosiallaşmırdı, başqa uşaqlarla kontakt qurmurdu. Buranı təşkil edənlər sağ olsun. Uşağa çox maraqlı oldu. İlk dəfə yayda gəlmişdi. O zaman çox qorxurdu. Amma bu gün çox sevindi. İrəliləyiş var”.

Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzi fəaliyyətə başlayandan onlarla gənc könüllü olaraq balacalara qayğı göstərir, onların reabilitasiyanı uğurla davam etdirməsi üçün əllərindən gələni əsirgəmirlər: “Təlimlər aldıq. Autizmli uşaqlarla tanış olduq. Onlarla davranış qaydalarını öyrəndik. Autizmli uşaqlarla individual davranmaq lazımdır. Hərəsinin öz xüsusiyyəti var. Mən yeni işləməyə başlayanda elə uşaqlar var idi ki, iki nəfər qolundan tuturdu, amma indi o uşaq özü qaça-qaça gəlir. Uşaqlarla işləyə bilmək üçün gülərüz olmaq lazımdır. Ən azı uşaqları sevmək lazımdır”.

Atların uşaqlara necə müsbət təsirini etdiyini görməmək mümkün deyil. İlk ünsiyyət zamanı qorxan, ağlayan uşaqlar qısamüddətli gəzintidən sonra daha rahat əlaqə qurur, özlərini rahat hiss edirlər.

Mərkəz bundan sonra da bu xeyirxah missiyanı davam etdirəcək. Onlara bu çətin işdə uğurlar arzu edirik!

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın