05:20 08 Avqust 2019 70
Ana səhifə Xəbərlər

Avqustda belə hava axırıncı dəfə... - ETSN-DƏN AÇIQLAMA

Ölkə ərazisində, o cümlədən paytaxtda avqust ayına uyğun olmayan hava şəraiti müşahidə olunur. APA TV-yə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev hazırda Bakıda və Abşeron yarımadasında temperaturun 27-29 dərəcə arasında dəyişdiyini, bunun da iqlim normasından 2 dərəcə aşağı olduğunu bildirib: “Müşahidə olunan hava şəraiti avqust ayı üçün səciyyəvi deyil, çünki adətən belə temperaturu biz sentyabr ayının birinci 10 günlüyün sonu və ikinci on günlükdə müşahidə edirik. Avqust ayı ən isti aylardan biridir. Avqust ayında qızmar və yüksək temperatur müşahidə olunur, 35 dərəcədən yüksək temperatur qeydə alınır. Avqust ayının birinci on günlüyündə hava şəraitinin sərin keçməsi ilə bağlı aylıq hava proqnozunda da qeyd olunub”. Bu cür hava şəraitinin bu gün və sabah da davam edəcəyini bildirən baş hidroloq avqustun 9-u və 10-u üçün xarakterik olan hava haqqında məlumat verib: “Bakıda və Abşeron yarımadasında avqust ayının 9-da hava şəraitinin dəyişkən olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Eyni zamanda şimal-qərb küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 29-30 dərəcə gözlənilir. Avqust ayının 10-da isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur bir qədər yüksələrək gündüz 30-35 dərəcə isti olacaq”. Bölgələrə gəlincə isə A. Verdiyev gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacağını bildirib: “Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Aran rayonlarında 31-36 dərəcə, dağlıq ərazilərdə isə 19-24 dərəcə isti gözlənilir”. Baş hidroloq sel təhlükəsindən danışıb: “Yağıntıların əsasən şimal-şərq rayonlarında gözlənilməsi ilə əlaqədar əsasən Quba-Xaçmaz və Lənkəran Astara bölgəsinin ərazisindən axan çaylarda sululuğun artımı gözlənilir”. A. Verdiyevin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında avqust ayında sonuncu dəfə bu cür yağıntılı hava şəraiti 2009-cu il və 2013-cü ildə müşahidə olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın