17:58 23 Sentyabr 2020 216
Ana səhifə Xəbərlər

Azad Rəhimov: “Bir neçə idman növü üzrə ölkə birinciliyinin keçirilməsi mümkün ola bilər”

“Çox sevinirik ki, bu akademiyada sonuncu idman zalı təhvil verildi. Bununla demək olar ki, akademiyanın təmiri 90-95 faiz yekunlaşıb. Hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra, bəlkə də, noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin”.

APA TV xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimi zamanı deyib. Nazir bildirib ki, ilin sonlarında bir neçə idman növü üzrə ölkə birinciliyinin keçirilməsi mümkün ola bilər: “Bir çox idman növlərində adətən noyabr-dekabr aylarında respublika çempionatları təşkil olunur. Bununla bağlı yenə müraciətlər olub. Biz də çox istərdik ki, yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Burda idman və fitness zalların açılması da var. Əgər qəbul olunsa, çempionatları keçirmək mümkün olacaq. Bilirsiniz ki, idmançı bir ay evdə qalsa, formanı 3-4 aya bərpa edə bilir. Yarışların olmaması idmançıların gücünü məhv edir. Bu çempionatların təşkili üçün əlimizdən gələni edəcəyik”.

Nazir Azərbaycan Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin Azərbaycanda baş tutması üçün çalışdıqlarını vurğulayıb. Bildirib ki, noyabrın 14-də keçirilməsi nəzərdə tutulan turnir üçün 15 ölkədən artıq komanda qeydiyyatdan keçib. Həmin vaxta qədər ümumi vəziyyətə baxılacaq və proqrama qəbul olunacağı təqdirdə, həmin turnir Azərbaycanda keçiriləcək.

Təhsil müəssisəsinin rektoru Fuad Hacıyev isə bildirib ki, təmir-bərpa işləri 3700 kvadratmetr sahədə həyata keçirilib. Tədris prosesinin artıq onlayn şəkildə başlandığını bildirən rektorun sözlərinə görə, yeni insight (insayt) modulu sayəsində rəhbərlik həm müəllimlər, həm də təhsil alan şəxslərin fəaliyyətin izləyə biləcək: “Bu gün təhsil müəssisəsinin qarşısında duran əsas məsələ ondan ibarətdir ki, Nazirlər Kabinetinin müvafiq qərarları (qərar tarixləri) hansı ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən tədris müəssisələrinin də təlim-tərbiyə prosesinin təşkili və təşkil qaydalarına aid sərəncamlar, qaydalardır və Təhsil Nazirliyinin F-424 nömrəli 11 sentyabr əmri təlimatdır ki, onun tələblərinə uyğun biz tədris prosesini qurmuşuq”.

Qeyd edək ki, Akademiyada tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər mütəmadi həyata keçirilir, buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkili təmin olunur.

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın