05:20 21 İyul 2018 785
Ana səhifə Xəbərlər

Azərbaycan milli mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ

22 iyul 1875-ci il... Mirzə Fətəli Axundovla başlayan Azərbaycan milli maarifçilik hərəkatı öz məntiqi davamını məhz həmin gün tapdı - Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti nəşrə başladı.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək "Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hesab edir ki, milli mətbuatımızın ilk nəşri olan ”Əkinçi” qəzetinə qədər gələn yol mədəni-mənəvi inkişafın nəticəsi idi: "Milli maarifçilərimiz Həsən bəy Zərdabinin yaratdığı mətbuat orqanının ətrafında cəm olurdular. “Əkinçi” qəzeti iki il fəaliyyət göstərdi. Ermənilər tərəfindən çara donoslar yazıldı və digər müxtəlif səbəblərdən qəzet bağlandı. Buna baxmayaraq, Azərbaycan milli mediası öz inkişafını dayandırmadı, yeni nəsil ziyalılar bu işi davam etdirdilər. Onlar türkçülük, milli birlik ideyalarının əsasını qoydular və mətbuatın sonrakı inkişafında öz böyük rollarını oynadılar".

Məhz o ideyaların nəticəsidir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 22 iyulu öz milli bayramları kimi qəbul etdiklərini söyləməkdən çəkinmir: "Biz hər zaman söyləyirik. Sevinci sevincimiz, kədəri kədərimiz olan bir millət, iki dövlətik. Azərbaycanın bütün bayramları bizim də bayramımız, bizim bayramımız da sizin bayramınızdır. Hamınızın bayramını təbrik edirəm. Bu bayramlar bütün türk millətinə uğurlu olsun!"

Elə Türkiyədən qonaq gələn həmkarımız Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da səfirlə həmfikirdir: "Bizim gözümüz-canımız. Həmişə bunu deyirik: bir millət, iki dövlət! Ankaranın qəlbi həmişə Bakının qəlbi ilə bərabər atar. Azərbaycan mətbuatı texnoloji olaraq, yayım keyfiyyəti olaraq çox inkişaf edib. Azərbaycan mətbuatının nümayəndələrini təbrik edirəm. Yüz ili aşan bir tarixi var mətbuatınızın. Sadəcə, dövlət qurumları arasındakı əlaqələri deyil, mətbuat, qeyri-hökumət təşkilatları arasındakı münasibətləri də inkişaf etdirməliyik".

Kanal 7 və Ölkə TV-nin əməkdaşı, köşə yazarı Mehmet Acetin də düşüncələri maraqlıdır: "Azərbaycan televiziyalarını vaxt olduqca izləyirəm. Çox canlı bir efirləri olduğunu görürəm. Azərbaycan xalqı gülər üzlü, xoş xasiyyətli, ədəbiyyatı sevər, yazı işində çox bacarıqlıdır. Hissiyyatlı xalqdır. Bu, Azərbaycan mediasına da sirayət edir. Mən bütün məsləkdaşlarıma uğurlar diləyirəm. Gözəl gələcək arzulayıram".

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyir ki, çağdaş dünyada jurnalist üçün bayramla istirahət günü arasında fərq qalmayıb artıq: "Biz jurnalistlər iş günündə də, qeyri-iş günündə də işləyirik. Bayramı evdə qeyd edəcəyik. Ancaq bu gündən başlayıb bayram günü tədbirləri. Müxtəlif yerlərdə tədbirdəyik. Kulminasiya nöqtəsi isə buradır. Bayramın hansı gündə olmasının fərqi yoxdur. Əsas odur bayramdır. Bizim peşə bayramımızdır. Bu işi sevənlər ildə bir dəfə özlərinin də sevildiklərini anlayırlar. 22 iyul yaxınlaşanda sevinirik. Başlıcası ölkəmizin sabitliyidir. Müstəqilliyimizin möhkəmləndirilməsi, əmin-amanlıqdır".

İTV-nin baş direktor müavini Murad Hüseynovun sözlərinə görə, dünyadakı informasiya texnologiyaları çox sürətlə inkişaf edir: "Dünya qloballaşırsa, mətbuat da bu yeni texnologiyalarla, yeni münasibətləri sistemi ilə, cəmiyyətlə ayaqlaşmalıdır. Mətbuat daim öz üzərində işləməli olan strukturdur. Oxucuya maraqlı olmaq, Azərbaycan qanunlarına riayət etmək, Azərbaycan dövlətinin maraqlarını qorumaq və peşəkar olmaq. Bu gün medianın günüdür. Həm yazan jurnalistlərimizə, həm çəkən jurnalistlərimizə üzümü tutub deyirəm ki, oxucularınız, tamaşaçılarınız bol olsun!"

22 ildir media sahəsində çalışan APA TV-nin xəbər müxbiri Sevinc Vaqifqızı deyir ki, uzun illərin təcrübəsinə rəğmən, hələ də öyrənməkdən çəkinmir: "Mətbuat, televiziya elə bir sahədir ki, burda ilk addımı atandan illərin, ayların belə fərqinə varmırsan. Əslində hər sahədə olduğu kimi, jurnalistikanın özünün də özünəməxsus çox gözəl və sözün əsl mənasında vazkeçilməz yolları var. Düz 22 ildir Azərbaycan dövlət televiziyasından başlayan yolum hazırda APA TV-də xəbər müxbiri kimi davam edir. 17 yaşımdan mətbuatdayam. Mənim üçün qarşımda həmişə müəllimlərim olub. Həmişə özümdən böyükləri, bu sahədə olan mütəxəssisləri, baxmayaraq ki, yaş fərqimiz olub, həmişə müəllim saymışam. Çalışmışam ki, heç vaxt illərimi, yaşımı, təcrübəmi qarşıya keçirməyim. Həmişə öyrənməyə çalışmışam. Gənclərə də münasibətim birmənalıdır. Nə vaxt nə soruşarlarsa, gülərüzlə cavab verib öyrətməyə çalışmışam".

Sevinc Vaqifqızı hesab edir ki, media sahəsində çalışmaq üçün yaş məhdudiyyəti yoxdur: "Hərdən incəsənət adamları deyir ki, müəyyən bir yaş həddindən sonra televiziyadan getmək lazımdır. Ancaq dünya təcrübəsi sübut edir ki, əslində yaş üstünə yaş gəldikcə, televiziyada, efirdə, ekranda, mətbuatda qalmaq, kamilləşdiyini göstərmək lazımdır. Sənin öz yolun, davamçıların olmalıdır. Təbrik edirəm. Arzu edirəm ki, uğurlarımız, başarılarımız daha bol olsun. Ən gözəl xəbərləri biz verək. Bizə inansınlar, bizə güvənsinlər, bizi sevsinlər. Biz onları sevdiyimiz kimi..."

Biz də Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat, "Əkinçi"mizin işıq üzü gördüyü bu mübarək gün münasibətilə qələminə hörmət edən, jurnalist etikasına sadiq qalan həmkarlarımızı təbrik edirik!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın