17:29 26 Oktyabr 2020 432
Ana səhifə Xəbərlər

Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsev II Fəxri Xiyabanda dəfn olunub

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, mərasimdə mərhumun yaxınları, ictmai-siyasi xadimlər, deputatlar, din xadimləri, Azərbaycan Rus İcmasının və Rus Provaslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının üzvləri iştirak ediblər.

Rus əsilli Azərbaycan vətəndaşı Dmitri Solnsev Aleksandroviç də qəhrəman oğullarımızdan biri idi. O, Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin bacısı Yuliya Solnsva bildirir ki, 25 yaşlı Dmitri Qarabağın erməni işğalından azad edilməsi uğrunda aparılan müharibəyə könüllü yollanıb. O deyir ki, qardaşının ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad olunması idi: “Onun 25 yaşı var idi. Dmitri Neft Akademiyasının Biokimya fakültəsini bitirib. Valideynlərimiz rəhmətə gedib. Ailəmizdən yalnız mən və Dmitri qalmışdı. Qardaşım dərslərini yaxşı oxuyurdu və təhsilinin magistratura pilləsini qırmızı diplomla bitirib. Müharibədən qabaq könüllü olaraq TƏBİB-də çalışırdı və koronavirusa qarşı mübarizə aparan xüsusi avadanlıq və cihazları təmir edirdi. Biz fəxr edirik ki, ölkəmizdə belə oğullar var”.

Şəhidin bacısı oğlu Anar Süleymanov dayısı ilə fəxr etdiyini deyir: “Uşaqlıqdan bizə Vətən sevgisi aşılayıblar. Dayım da buna bir nümunədir. Fəxr edirəm ki, belə bir dayım var. Vətən sağ olsun! Allah şəhidlərimizə rəhmət eləsin. Qanı yerdə qalmadı. Bildiyimiz kimi dünən Qubadlı şəhəri Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olunub. Ali Baş Komandanımızın dediyi kimi Qarabağ Azərbaycandır!”.

Dmitri Solnsevin müəllimi Amalya Həsənova onu igid, qorxmaz və təhsili müvəffəqiyyətlə bitirmiş bir tələbə kimi xatırlayır: “Belə igid oğullarımızı Vətən unutmaz. Bütün dünya bilir ki, Azərbaycan xalqı nə qədər qədir bilən, övladlarını sevən bir xalqdır. Hamımıza, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Digər millətlərdən olanlar da bizim torpağımız uğrunda vuruşub şəhid olursa, bunlar bizim öz övladlarımızdır, Azərbaycanın övladlarıdır”.

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, rus əsilli Azərbaycan vətəndaşının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olması ölkəmizin, Vətənimizin azərbaycançılıq ideologiyasının ətrafında vahid bir yumruq kimi birləşməsinin təcəssümüdür: “Azərbaycanda azərbaycançılıq ideologiyası var və bu ideyaya əsasən Azərbaycanda yaşayan hər bir vətəndaş bu torpağı özünə Vətən hesab edir. Bugünkü şəhidimiz də məhz könüllü olaraq cəbhəyə yollanıb. Bugünkü şəhidin dəfni bir daha sübut edir ki, Azərbaycan ərazisində yaşayan bütün insanlar təcavüzkarlara qarşı birləşə bilib. Bu vahid azərbaycançılıq ideyasıdır. Bu ideya bütün din və milli mənsubiyyəti olan insanları öz ətrafına toplaya bilib”.

Deputata Hikmət Babaoğlunun sözlərinə görə, milliyyətindən, dinindən, etiqadından, inancından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Vətənini eyni dərəcədə sevir: “Çünki Azərbaycan bütün vətəndaşlarına bərabərhüquqlu davranır və onlara eyni gözlə baxır. Bu bir daha onu göstərir ki, ölkəmizdə bütün xalqlar Vətənin müdafiəsinə eyni həvəslə, eyni ürəklə, eyni cəsarətlə yollanırlar. Azərbaycan xalqı onların hamısını yüksək qiymətləndirir”.

Daha sonra hərbçimizin cənazəsi Müqəddəs Jen-Mironosits Rus-Pravoslav kilsəsinə gətirilib.

Kilsədə dini ayin keçirilib, dualar oxunduqdan sonra Dmitri Solnsev Aleksandroviç II Fəxri xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın