18:00 12 Fevral 2020 271
Ana səhifə Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.

APA Tv xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevKürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Qeyd edək ki, yeni yol üzərində yol nişanları və göstərici lövhələr, siqnal dirəkləri və avtobus dayanacaqları quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Daha sonra rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Müəssisənin rəhbəri Ramazan Mirzəyev dövlətimizin başçısına aqroparkın fəaliyyət istiqamətləri barədə məlumat verdi.

Prezident İlham Əliyev müəssisəni işə saldı. Dövlətimizin başçısına istehsal olunacaq məhsulların nümunələri təqdim edildi. Məlumat verildi ki, “Qlobal Aqro” MMC-nin rayonun Karrar qəsəbəsi və Pirili kəndi ərazisində yerləşən aqroparkı iki min hektar sahəni əhatə edir. Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub, 600 min manat vəsaitə qənaət edilib. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb. Aqroparkda 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxum çeşidləmə - qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar tikilib. Keçən il 942 hektarda arpa, 128 hektarda buğda, 30 hektarda bostan bitkiləri əkilib. Hələlik burada 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyev müəssisənin imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basdı.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər. Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Daha sonra, ”Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşdü.

Daha sonra, dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın