02:40 16 Oktyabr 2019 49
Ana səhifə Xəbərlər

Azərbaycan Rusiyaya Nota verib

APA TV-nin Moskva bürosuna bu barədə ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib.

Notada Azərbaycanın işğaldakı ərazilərinə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin səfəri, ölkəmizə qarşı təxribat xarakterli bəyanatlarına Rusiya tərəfindən münasibət və deputatın səfərə hansı qisimdə getməsi və səfərin maliyyə mənbəyi ilə bağlı izah xahiş edilir.

Bundan əlavə, K.Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar rəsmi Moskvanın siyasi mövqeyinə zidd fikirlər irəli sürməsinə, tarixi faktları təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə açıqlama verilməsi, həmin şəxsin bir deputat kimi söz və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğu vurğulanır və Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi rica edilir.

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın