21:41 27 Yanvar 2021 162
Ana səhifə Xəbərlər

“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib.

APA TV-nin xəbərinə görə, tədbirin moderatoru BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan zəfər əldə etmiş bir ölkə olaraq, keçmişdə işğal altında olan ərazilərin bərpasına və müvafiq regional layihələrin icrasına başlayıb. Fərid Şəfiyev bu zəfərin əldə olunmasında Türkiyənin müstəsna rolunu qeyd edib. Onun sözlərinə görə, 30 il ərzində Türkiyə ilə Azərbaycan davamlı olaraq hərbi təlimlər keçib və qələbə tək Pilotsuz Uçuş Aparatları hesabına qazanılmayıb: “Türkiyə-Azərbaycan birliyi heç bir ölkəyə qarşı yönəlmir, öz müstəqilliyimizin təminatına xidmət edir”. BMTM-in İdarə Heyəti sədri onu da əlavə edib ki, iki ölkə həm də elmi sahədə birgə potensialı gücləndirməlidir. O həmçinin islam dünyası çərçivəsində iş birliyinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə-Azərbaycan əlaqələrinin sıradan deyil, stabil qardaşlıq əlaqələri olduğunu diqqətə çatdırıb. O bu əlaqələrin gələcək yüz illərdə də eyni şəkildə davam edəcəyini əminliklə deməyin mümkün olduğunu ifadə edib.

Hikmət Hacıyev Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin region üçün əhəmiyyətinə də toxunub.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın