12:58 10 Avqust 2020 1858
Ana səhifə Xəbərlər

Azərbaycanda daha bir general vəfat etdi

Azərbaycan Ordusuna ağır itki üz verib.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, general-leytenant Fuad Məmmədov bu gün ürək çatışmazlığından vəfat edib.

Xatırladaq ki, Fuad Məmmədov 1968-ci il yanvarın 31-də Bakıda anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ildən Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, ötən gün Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov da vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın