11:20 23 Yanvar 2020 632
Ana səhifə Xəbərlər

Azərbaycanda  İngiltərə mənşəli çiyələk sortları əkiləcək

Azərbaycanda ilk dəfə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsinə başlanılıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda İngiltərə şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə yeni layihənin icrasına başlanılıb.

Layihənin əsas məqsədi ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir.

İnstitut tərəfindən çiyələk bitkisinin 5 sortu ölkəmizə introduksiya edilib və onlar üzərində tədqiqat işləri aparılır. Elmi katib Zəminə Sərhədovanın sözlərinə görə, hazırda “Kupid”, “Fenella”, “Kristin”, “Flomenko” və “Florens” sortları mütəxəssislər tərəfindən müşahidə olunur: “Sonda onlardan bizim torpaq-iqlim şəraitinə uyğun olan və daha yaxşı göstəricilərə malik olan sortlar seçilərək fermerlərə tövsiyə olunacaq. Bu istiqamətdə İngiltərə şirkəti ilə razılıq əldə olunub ki, o sortlar artırılacaq və satışa çıxarılacaq. Bu sortlar iriliyinə, dadına, yüksək məhsuldarlığına və nəqliyyata davamlılığına görə fərqlənir”.

Yeni texnologiyaya əsasən, çiyələk tirə üsulu ilə əkilir və damla suvarma sistemindən istifadə olunur. Tirələr təxminən 10-15 santimetr hündürlükdə olur.

Çiyələyin bu üsulla əkilməsi torpağın rütubətini artırır və qışda bitkinin köklərinin donmasının qarşısını alır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın