14:10 18 Yanvar 2021 69
Ana səhifə Xəbərlər

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlandı

Bu gündən başlayaraq ölkə üzrə COVID-19 əleyhinə əhalinin vaksinasiyasına start verilib.

APA TV-nin xəbərinə görə, ilk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. Nazirlə yanaşı, nazir müavinləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya da koronavirus əleyhinə peyvənd vurulub.

Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, bəzi ölkələrdə peyvəndlənmə ilin sonuna, bəlkə də gələn ilə planlaşdırılır. Azərbaycan isə ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya artıq start verilib: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev isə hesab edir ki, COVID-19-a qarşı vaksinasiya qısa müddətdə təsirini göstərəcək: “Bununla Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq. İlk növbədə tibb işçiləri vaksinasiyadan keçəcəklər”.

Mütəxəssislər bundan sonra da əhalini xəstəliyə ehtiyatla yanaşmağı tövsiyə edir. Vətəndaşlar bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməlidirlər.

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın