18:40 14 Fevral 2020 240
Ana səhifə Xəbərlər

Azərbaycanda tibb bacısı ixtisası üzrə ali təhsil veriləcək – QƏBUL PLANI AÇIQLANDI

Azərbaycan Tibb Universitetinə (ATU) bu il imtahan verən tələbələr yeni yaradılmış ixtisasları da seçə biləcəklər.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) tədris şöbəsinin müdiri Samir Cavadov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə bakalavriat, eləcə də ali tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilərək, yeni ixtisaslar əlavə edilib. Dəyişikliyə əsasən, bakalavriat pilləsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi”, magistratura üzrə isə “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları əlavə edilib. “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi” ixtisaslarının hər biri üzrə 30 yer, “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları üzrə 15 yer planlaşdırılıb: “Son zamanlarda səhiyyə sahəsində də geniş islahatlar aparılır. Dünyada bu ixtisaslar mövcud olsa da, bizdə hələ ki, bunun əvəzləyicisi yox idi. Məsələn, “Fizioterapiya və tibbi reabilitasiya” mütəxəssisləri Azərbaycan Tibb Universitetindən, yaxud digər tibb müəssisələrindən məzun olan həkimlər idi. Lakin həkimlər həmin ixtisas üzrə mütəxəssisləri tam olaraq əvəz edə bilmirlər. Çünki həkimlər o sahə üzrə daha çox müalicə-planlama işi ilə məşğuldurlar və müalicəni tətbiq etmək tibb bacılarının, yaxud o sahə üzrə mütəxəssisləşmiş digər orta tibb işçilərinin üzərinə düşürdü”.

O, həmçinin “Tibb bacısı işi”nin Azərbaycanda bakalavriat səviyyəsində yeni ixtisas olduğunu da diqqətə çatdırıb: “Düzdür, orta tibb təhsili müəssisələrində bu ixtisas üzrə iki illik proqram vardı. Dünyada da tibb bacısı ixtisası iki illik təhsil şəklində fəaliyyətə başlamışdı, sonradan isə onların ali təhsil almaq zərurəti yarandı. Bakalavr təhsili zamanı “Tibb bacısı” ixtisasını öyrənənlər daha çox komanda şəkilində işləmək bacarığı qazanırlar. Həkimlər əsasən diaqnozun qoyulması, müalicənin planlaması və xəstələrin müalicələrinin gedişi ilə məşğuldurlar. Lakin müalicənin aparılması tibb bacılarına həvalə olunur. Dörd illik təhsildə daha çox onların baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönündə bir çox fənlər tədris ediləcək. Eyni zamanda bu ixtisas üzrə məzunların ixtisaslaşması aparılacaq, hər bir sahə üzrə “neyrocərrahiyyədə tibb bacısı”, “cərrahiyyədə tibb bacısı”, “pediatriyada tibb bacısı” kimi ixtisaslaşmalar həyata keçiriləcək”.

Samir Cavadovun sözlərinə görə, bir çox insanları orta ixtisas təhsili müəssisələrində tədris edilən iki illik “Tibb bacısı işi” ixtisasının taleyi narahat edir: “Bu ixtisasların gələcək taleyi barədə danışmaq tezdir. İndiyə qədər məzun olanlar öz işlərini tibb bacısı ixtisası üzrə davam edəcəklər. Orta tibb təhsili müəssisələrinin məzunları arzuladıqları təqdirdə, tibb bacısı ixtisası üzrə bakalavr təhsili ala biləcəklər. Texnikumdan məzun olan tələbələr “Subbakalavr təhsili olanların ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunması qaydaları” daxilində təhsillərini davam etdirə bilərlər”.

Qeyd edək ki, artıq bu sahədəki işlər artıq yekunlaşmaq üzrədir və dərs vəsaitləri dünyada mövcud olan proqramlar üzrə hazırlanacaq.

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın