08:40 14 Dekabr 2017 3061
Ana səhifə Xəbərlər

Azərbaycanda unikal əməliyyat - QARACİYƏRƏ BELƏ MÜDAXİLƏ EDİLDİ

Azərbaycanda ilk dəfə laparoskopik qaraciyər əməliyyatı icra edilib.

APA TV-nin məlumatına görə, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının Endoskopik Cərrahiyyə və Diaqnostika Şöbəsinin müdiri, cərrah-transplantoloq Eldar Əhmədov tərəfindən həyata keçirilib: “Qaraciyərdə ən çox görünən şişlər damar şişləridir. Adətən, anadangəlmə olur. Yaranma səbəbləri bilinmir. 4-5 sm normal ölçü sayılır. 5 sm-dən böyük olanlar giqant sayılır. Şiş ağrı verdiyi halda cərrahiyyəyə üz tutulur. Bu əməliyyatlar iki üsulla aparılır – açıq və laparoskopik”.

Cərrah bildirib ki, açıq əməliyyat təcrübəsi olmayan cərrah laparoskopik əməliyyatı icra edə bilməz. Çünki qanaxma və ya başqa gözlənilməz risk yarandığı halda, dərhal açıq əməliyyata keçilməlidir. Xəstələrin bu metod barədə məlumatı az olduğundan, bir qədər çəkinirlər. Lakin cərrah bildirib ki, bu əməliyyat üsulu xəstələr üçün daha məqsədəuyğundur. İlk əməliyyat uğurlu keçib: “3-4 minimal kəsiklə qaraciyərin böyük bir hissəsini, 8 sm-lik şişlə bərabər 500-600 qramlıq toxuma götürdük. Əməliyyat təqribən 3 saat 50 dəqiqə çəkdi. Hazırda xəstənin vəziyyəti normaldır. Əməliyyatın üstünlüyü ondadır ki, xəstə tez bərpa olunur, ağrı az olur və estetik nəticə yaxşı olur”.

Əməliyyat bir neçə gün əvvəl olub. Üzərində əməliyyat aparılan 35 yaşlı Səbinə Həmidova əvvəlcə bu metoddan çəkinib. Lakin bir qədər araşdırdıqdan sonra razı olub: “Sağ tərəfimdə ağrılar var idi. Öd kisəmdə problemlər var idi. Müayinə zamanı məlum oldu ki, öd kisəsi normal işləyir. Amma qaraciyərdə törəmə var. Bu, bir il əvvəl olub. Araşdırmağa başladım. Çünki bilirdim ki, şiş 7,5 sm ölçüsündə idi. Bu zaman isə əməliyyat önəmlidir”.

Hazırda Səbinə xanım özünü normal hiss edir: “Özümü əla hiss edirəm. Yaxşı ki, laparoskopiya əməliyyatı etdirmişəm. Əməliyyatın sabahı günü artıq gəzməyə icazə verdilər. Eldar həkimə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, qaraciyərin laparoskopik əməliyyatları Azərbaycanda 3-4 min manata aparılır.

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın