11:20 24 Mart 2020 777
Ana səhifə Xəbərlər

Azərbaycanda xüsusi karantin rejimi elan edildi

“Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir”.

APA TV-nin məlumatına görə,bunu bu gün ölkədə xüsusi karantin reyimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov səsləndirib.

Onun sözlərinə görə, bu barədə qərar martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qəbul edilib. Qərarda deyilir:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.

Nazirlər Kabinetinin mətbuat katibiİbrahim Məmmədov bildirib ki, Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir. Onun sözlərinə görə, bu gecə saat 00.00-dan “Sədərək” və “Binə” ticarət mərkəzləri də fəaliyyətini dayandırır.Qadağalar bütün “Mall” və böyük ticarət mərkəzlərini əhatə edəcək. Lakin ictimai iaşə obyektləri tərəfindən onlayn sifarişlərin çatdırılmasında məhdudiyyətlər yoxdur:

“Bildiyimiz kimi onlayn sifarişlərin çatdırılmasında məhdudiyyətlər yoxdur. Qaldı ki, fövqəladə rejimin tətbiq edilməsinə, hələ ki, vəziyyətdən çıxış edərək demək olar ki, buna ehtiyac duyulmur. Amma istisna da olunmur. Prezident İlham Əliyev öz müraciətində də qeyd etmişdi ki, bu istisna olunmur. Əgər ölkə vətəndaşlarının təhlükəsizliyi üçün zərurət yaranarsa, fövqəladə vəziyyət elan oluna bilər".

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki,Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir. Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələnlər, digərləri ölkədaxili yoluxmaya tutulanlardır:

“Dünya statistikası onu göstərir ki, koronavirusdan uşaqlar nadir hallarda xəstələnirlər, aşağı risk qrupuna aiddirlər, buna baxmayaraq, ölkəmizdə 18 yaşınadək olan 3 nəfər xəstəliyə yoluxub. Onların vəziyyəti normaldır, səhhətlərində heç bir problem yoxdur və yaxın günlərdə evə buraxılacaqlar. Yaş həddinə gəldikdə isə əsasən cavan adamlardır. Bu, 29-50 yaş arasında olan şəxslərdir”.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağası yaş həddi sözügedən qrupundan yuxarı olan səhiyyə işçilərinə şamil edilmir və onlar öz fəaliyyətlərini müəyyən idarəçilik strukturlarında davam etdirəcəklər:

“Tibbdə cürbəcür vəzifələr var. Pandemiya zamanı təqaüddə olan tibb işçilərinin cəlb olunması praktikası ola bilər. Bu o demək deyil ki, biz 65 yaş üzərində olan tibb işçilərimizi riskə atacağıq. Onlar idarəetmədə çalışacaq, öz təcrübələri ilə yardım edəcəklər”.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevbildirib ki,Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələlik Azərbaycanda həyəcan siqnalı elan olunmayıb.Buna səbəb isə hələ Çinin Uhan şəhərində koronavirus yayılarkən Prezident İlham Əliyevin tapşırığı ilə qabaqlayıcı tədbirlərin görülməsinə başlanmasıdır:

“ÜST tərəfindən Azərbaycanın qlobal pandemiya problemini çoxtərəfli əməkdaşlıq müstəvisində görməsi qiymətləndirilir. ÜST-lə bərabər, digər beynəlxalq təşkilatların da səylərini səfərbər etməsinə ehtiyac var. Azərbaycan da hər fürsətdən istifadə edərək bu məsələni qaldırır”.

Konfransda xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılmasına da aydınlıq gətirilib. Belə ki, qeydiyyat üzrə vətəndaşlar öz yaşadıqları əraziyə gedə bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın