07:20 21 İyul 2018 2808
Ana səhifə Xəbərlər

Azərbaycanın (700) bal dadan iftixarları - REPORTAJ

İki gündür bütün Azərbaycan onlardan danışır. Çünki I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

APA TV-nin xəbərinə görə, I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadə və IV ixtisas qrupu üzrə isə 29 nömrəli tam orta məktəbin şagirdi Nərmin Balakişiyeva, 192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov bütün suallara düzgün cavab verərək 700 bal toplayıblar.

İlqar Məmmədov İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın məzunudur. Ailənin ilk övladıdır. Dəqiq elmlərə həvəsinin hələ lap uşaqlıqdan yarandığını deyən həmsöhbətimizin atası inşaat mühəndisi, anası isə həkimdir.

İlqar 11 illik təhsili uğurla başa vurub. Dərs əlaçısı olub. Lap uşaq yaşlarından qarşısına məqsəd qoyub ki, məktəbi fərqlənmə ilə bitib, ən yüksək bal toplayanlar sırasında olacaq: "5-ci sinifdən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada oxuyuram. 1-ci sinifdən yüksək nəticə göstərməyə başlamışam. Müəllimlərimin və valideynlərimin dəstəyini daim hiss etmişəm. İki il repetitor yanına getmişəm. 10-cu sinifdə texniki fənlərə olan marağımın çox olduğunu gördüm və qərarımı verdim".

Özündən 2 yaş kiçik qardaşının da əla qiymətlərlə oxuduğunu deyən İlqar ailəsinin bu xəbəri sevinc göz yaşları ilə qarşıladığını deyir: "Çox böyük sevinclə qarşıladılar. İlk turdan 665 bal topladım. Amma düşündüm ki, bu kifayət deyil. 700 bala layiq olduğumu bilirdim. Ona görə göz qırpmadan davam etdim".

İlqar deyir ki, ali təhsilini Bakı Ali Neft Məktəbində davam etdirəcək: "Qərarım qətidir. Bakı Ali Neft Məktəbidir seçimim. Amma hansı ixtisası hələ dəqiqləşdirməmişəm. Bu təhsil ocağının imkanları çox genişdir. Düşünürəm ki, Azərbaycanda ən yaxşı ali təhsil ocaqlarından biridir".

İlqar 8-ci sinfi bitirdikdən sonra dərslərinə daha çox vaxt ayırıb. Dostları ilə az-az görüşüb, sosial şəbəkələri bağlayıb. Deyir ki, onun əksər sinif yoldaşları da məhz belə edib. Elə ona görə də Elitar Gimnaziyanın 11-ciləri arasında 10 nəfərdən çox şagird 670 və daha yuxarı bal toplayıb. Bundan sonra ali təhsilini uğurla davam etdirəcəyini qarşısına məqsəd qoyan 17 yaşlı gənc gələcəkdə ali təhsilin magistr pilləsini Kanadada oxumaq niyyətindədir.

700 bal toplayan gənclərdən biri də Binəqədi rayonundakı 297 nömrəli məktəbin məzunudur. Anar Abiyev uğurlarına görə çox sevinclidir. İkinci sinifdən bu məktəbdə təhsil alır. Ailənin ikinci övladı olan müsahibimiz deyir ki, bacısı İqtisad Universitetini bitirib: "Hər bir uğur üçün mütləq nələrdənsə keçmək lazımdır. 11 ərzində dərslərdən ayrılmamaq və çoxlu çalışmaq lazımdır. Hər bir abituriyentin qarşısında məqsədi olmalıdır. Bu məqsəd üçün də çalışmaq lazımdır. Bunun üçün dərsdən kənar əyləncələrdən gərək çəkinməyi bacarasan. Onda istənilən nəticəni əldə etmək daha asan olur".

Yeddinci sinifdən fizika və riyaziyyat elmlərinə daha çox marağının olduğunu deyən Anar Abiyev yalnız yuxarı siniflərdə hazırlıq kurslarına gedib: "Atam ixtisasca jurnalistdir. 25 ildir zabitdir. Anam tibb bacısıdır. Valideynlərimin mənə "dərs oxu" deməsini xatırlamıram. Heç vaxt basqı altında qalmamışam. Özümün oxumağa həvəsim olub. 8-9 siniflərdə hərdən "evə tez gəl" deyiblər, amma sonuncu siniflərdə özüm oturub oxumuşam. Mən də onların tövsiyələrinə qulaq asdım. Fikrimi dərslərimə verdim, əyləncələrdən uzaq oldum".

297 saylı məktəbin direktoru Nailə Cəfərova deyir ki, iki ildir rəhbərlik etdiyi məktəbin uğurları az deyil. Ən maraqlısı da budur ki, Nailə xanım özü də bu vəzifəyə imtahan yolu ilə təyin olunub: "Hər uğurun başlanğıcı elmdir. Düşünürəm ki, ölkədə aparılan təhsil sahəsindəki islahatlar gənc, savadlı kadrların yetişməsinə yol açır. Məktəbimizdə bu il yüksək nəticə göstərmiş 8 şagirdimiz var, amma Anar Abiyev bizim ilk uğurumuzdur".

109 saylı tam orta məktəbin məzunu Azər Zeynallı da Dövlət İmtahan Mərkəzinin I qrup üzrə keçirdiyi qəbul imtahanında maksimum nəticə göstərib. Azər imtahan öncəsi olduqca həyəcanlı olsa da, zala daxil olduqdan sonra hər şeyi unutduğunu və yalnız suallara kökləndiyini deyib: "Düzünü desəm, imtahanda yerim bir qədər narahat idi. Pəncərənin yanı idi, gün düşürdü. İstənilən halda oturdum və günə fikir vermədim. Əsas özümü kökləmişdim ki, nə olur-olsun, bu gün buradan 700 balı toplamalıyam".

Azər hər bir suala verdiyi cavabların düzgünlüyünə əmin olub - yalnız 1 sualdan başqa: "Suallarda çətinliyim əslinə qalsa, olmadı. Yalnız riyaziyyatdan 25-ci sualda bir qədər çətinlik yaşadım. B variantını yazım, ya yazmayım - qərarsız qalmışdım. İstənilən halda bu çətinliyi keçməyi bacardım. İmtahandan çıxdıqdan sonra yenə də çox həyəcanlandım. "Abituriyent" verilişi başlamazdan əvvəl müəllimlərinin hamısına zəng edib yoxlatdırdım. Çünki verilişdən əvvəl bilmək istəyirdim nəticəmi. Yoxlatdıqdan sonra səhvim çıxmadı. Çox sevindim. Amma yenə də bir az həyəcanım var idi ki, bəlkə cavab kartında sürüşdürmə etmişəm. Çıxmadı. 700 bal çıxdıqda isə çox sevindim".

Valideynləri ilk olaraq maksimal nəticəyə inanmasalar da, daha sonra sevinclərinin həddi-hüdudu olmayıb: "Çox sevindik, valideynlərim də özüm də. Daha sonra öz qohumlarıma bir-bir zəng edib deyirdim. Deyirdim ki, 700 bal toplamışam. Çünki çox sevinirdim. Onsuz da məndən yüksək nəticə gözləyirdilər. Lakin 700 bal... Əslində valideynlərim məndən gözləyirdilər. Mən özüm-özümdən gözləmirdim".

Təhsilini Bakı Ali Neft Məktəbində davam etdirməyi qərara alan Azər gələcəkdə ixtisaslı bir neft mühəndisi olmağı qarşısına məqsəd qoyub. O, 700 bal toplamaq istəyən tələbələrimizi imtahan zamanı tam diqqətli olmağa çağırıb.

Azər artıq 109 saylı tam orta məktəbin fəxridir. Çünki məhz o, məktəb tarixində ilk dəfə olaraq 700 bal toplayıb. Məktəbin direktoru Fizuli müəllim isə tələbəsindən olduqca razı olduğunu və onunla hədsiz dərəcədə fəxr etdiyini deyib: "Məktəbimiz təmir olunan zaman möhtərəm prezident açılışa gəldi. Orada cənab prezidentə söz verdim ki, bu dəfə televiziyaya sizin sayənizdə çıxdım, inşallah, növbəti illərdə 700 bal toplayan məzunumuz olsun, o zaman intervü verəcəm. Azər oxuduğu müddətdə tam sakit, mədəni, ictimai işlərdə iştirak edən idi. Ailəsi də ziyalı, atası da, anası da. Ailədən doğan təzahürün nəticəsində, müəllimlərimizin qayğısı-diqqəti sayəsində Azər etimadımızı doğrultdu. Onu 10-cu sinifdə oxuyandan müşahidə edirdim. Sınaqlarının nəticələrini izləyirdim. O vaxt hiss etdim ki, o, 700 bal toplamağa qadir şagirddir".

Uğur qazanmış abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik. Yolunuz açıq olsun!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın