12:02 19 Yanvar 2021 98
Ana səhifə Xəbərlər

Azərbaycanlı yeniyetmənin uğuru – ŞUŞADAN BƏHS EDƏN OYUN HAZIRLADI

Azərbaycanlı yeniyetmə Şuşadan bəhs edən mobil oyun hazırlayıb.

APA TV-nin məlumatına görə, 17 yaşlı Sahib Zülfüqarın hazırladığı bu oyunda milli nağıl qəhrəmanlarımızdan biri olan Cırtdan işğaldan azad olunmuş Şuşa şəhərində hərəkət edərək maneələri dəf edir. Sahib deyir ki, bu oyunun başqa versiyalarını da işğaldan azad olunmuş digər rayonlarımız üçün yaratmaq fikrindədir: “Cırtdan” Şuşada ideyası 44 günlük Qarabağ müharibəsində qazandığımız qələbədən qaynaqlanır. Bu məni ruhlandırdı ki, yeni lokasiyada Cırtdanın azad olunmuş Şuşada, əlində bayraq ilə gəzib dolanmağını göstərim. Oyunda Şuşa qalasını, Şuşa məscidini də əks etdirmişəm”.

Cırtdan oyununun Şuşa versiyası hazırlandığı qısa bir vaxt ərzində “AppStore” və “Google Play” proqramlarında dünya şöhrətli mobil oyunları geridə qoyaraq istifadəçilər tərəfindən 15 min dəfədən çox yüklənib: “Oyun sonsuz 2 D platformadadır. Oyunun yeni formasında mağaza var. Orada siz 3 bayraq ala bilərsiniz. Orada seçimə görə, cırtdanın əlində Azərbaycan, Türkiyə və Pakistan bayrağı ola bilər. Bu oyunu “Appstore” və “Google Play”da toplam olaraq 15 mindən artıq insan yükləyib. Bu oyunu ölkəmizlə yanaşı, Türkiyə, Pakistan və Avropa ölkələrində də yükləyib oynayırlar. Gələcəkdə planlaşdırıram ki, Cırtdan 3D “runer” tipli oyun hazırlayım. Eynən “Subway Surfer” oyunu kimi. Bu oyun da işğaldan azad olunmuş ərazilərimizdə olacaq”.

Azərbaycanın dövlət bayrağının, milli geyiminin və məşhur nağıl personajı “Cırtdan”ın öz əksini tapdığı bu oyun milli musiqimizlə kompozisiya olunub. Hazırda ölkəmizdə mobil oyunların hazırlanmasına o qədər çox marağın olmamasından gileylənən Sahib deyir ki, onda bu sahəyə maraq uşaqlıqdan yaranıb. Ən böyük arzusu yaratdığı mobil oyunlarla Azərbaycanı beynəlxalq sərgilərdə təmsil etməkdir: “Bu platformadan başqa digər oyunlar da hazırlayıram. Hazırda “Appstore” və “Google Play”da 4-dən artıq oyunum var. Planlaşdırıram ki, 3D “Shooter” mobil oyun hazırlayım. Çox istəyərdim ki, bu sahə Azərbaycanda daha çox inkişaf etsin”.

Məlumat üçün bildirək ki, 17 yaşlı Sahib Zülfüqar mobil oyunlarla yanaşı, digər robot texnologiyalarının da ixtiraçısıdır.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın