21:19 27 Fevral 2021 162
Ana səhifə Xəbərlər

“Azərlotereya”nın idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb

Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsilə əlaqədar müqavilə imzalanıb.

İqtisadiyyat nazirliyindən APA TV-yə verilən məlumata görə, imzalanma mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, “Demirören Holdinq” şirkətinin və “Azərlotereya” ASC-nin rəhbərləri iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idaretməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür:

“Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.

Nazir vurğulayıb ki, “Azərlotereya” ASC-nin idarəyəetməyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində daha bir əməkdaşlıq layihəsidir.

“Demirören Holdinq” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirörən bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. Bu gün imzalanan layihə ikitərəfli iqtisadi əməkdaşlığa daha bir töhfədir. Holdinqin çoxsahəlı fəaliyyəti barədə məlumat verən Yıldırım Demirörən “Demirören Holdinq”in digər sahələrə də investisiya qoyuluşunda maraqlı olduğunu bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın