10:40 07 Noyabr 2019 34
Ana səhifə Xəbərlər

“Azərsu” ASC-nin sədri: “Qəza olan yer mütləq qazılmalıdır”

“Əhalinin sayında artım, tikinti bumu, sudan daha çox istifadə paytaxtda kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Bu isə güclü yağışlar zamanı ərazilərin su altında qalması ilə nəticələnir”.

APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib. Onun sözlərinə görə, hazırda yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq: “Bütün kanalizasiya xətləri mütəmadi təmizlənir. Xüsusilə yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir.
Kanalizasiya xətlərinə yad tullantılar atılır. Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Ya kanalizasiya tutulur, ya da yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.

Qorxmaz Hüseynov eyni zamanda bildirib ki, Bakının Ramana, Biləcəri, Zabrat qəsəbələrində, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yağış sularının çəkilməsi üçün layihələr icra edilir. Bu işlərin isə gələn il başa çatması gözlənilir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurum tərəfindən qəza vaxtı boruları təmir etmək üçün yolların qazılması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Sədr deyib ki, bir qəza olarsa, mütləq həmin yer qazılmalı və təmir işləri aparılmalıdır: "Amma "Azərsu" yolu qazdı, təmir etmədi və getdi" fikri düzgün yanaşma deyil. Bizim qurumun asfalt təsərrüfatı yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yol qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. AAYDA-nın o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini düzəltsin. Amma biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb".

Son vaxtlar yağıntıların az olmasına görə xüsusilə yay aylarında bir neçə rayonda su mənbələri ilə bağlı çətinliklər yarandığını deyən “Azərsu” sədri bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Gədəbəy və Lerikdə artıq bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il başa çatacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın