17:02 19 Mart 2021 65
Ana səhifə Xəbərlər

Azıx mağarasının sirri – REPORTAJ

APA TV-nin əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik.

Azıx mağarasına burulan diki qalxandan sonra maşınlarımız kiçik meydançada dayanır. Burdan o yana piyada gedəcəyik - dəniz səviyyəsindən 1400, yaxınlıqdan keçən Quruçaydan isə 100-150 metr yüksəklikdə yerləşən, ilk insan məskənlərindən olan Azıx mağarasına...

Pillələri qalxırıq. Heç bilmirəm nə qədər çıxmışıq. Artıq təngnəfəsik, taqətimiz qalmayıb. Öz tarixi bilgiləri ilə yazılarımıza rəng qatan, AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev də bu dəfə bizimlədir. Soruşuram ki, pillələri qalxmaq çətin olmayacaq? Deyir, biz tarixçilər üçün Azıx mağarasını Kəbə kimi yerdir, odur ki, nə qədər çətin olsa da, qalxacaq. Əsas odur, 30 illik işğaldan sonra bu qədim tarixi məkan özümüzə qayıdıb, gerisi təfərrüatdır.

Bu da Azıx - dünyanın ən qədim insan məskənlərindən biri. Azıx mağarası haqqında ilk dəfə eşidəndə, deyəsən, ikinci, ya üçüncü sinifdə oxuyurdum. Düzdür, onda müharibə davam edirdi, amma hələ Qarabağı itirməmişdik. Amma nə onda, nə də ermənilər Qarabağı işğal etdikdən sonra heç vaxt ağlıma gəlməzdi ki, nə zamansa Azıx mağarasına gələrəm. İndi isə budur, ən qədim insan məskənlərindən birinin qarşısında dayanmışam və ləngimədən mağaranın içinə keçmək istəyirəm. Ki, görüm ən qədim insanları, əcdadlarımızı “doğub-törəyən” bu sirli mağara öz bətnində nə gizlədir?!

Mağaranın girişi palçıqlı və sürüşkəndir, üstəlik, bir tərəfində dərin xəndək var. Büdrəsən, xəndəyə yıxılarsan. Palçıqlı yerdən addadınmı, Sirat körpüsü kimi dar cığır səni mağaranın dərinliklərinə aparacaq. Bayram Quliyevlə divardan tuta-tuta, qorxa-qorxa birtəhər dar keçidi o üzə aşırıq. Qeyri-ixtiyari yadıma İndiana Cons haqqında film düşür. Yaxşı ki, bizim öz Spilberqimiz - operatorumuz Faiq bu səhnəni lentə alır, bir anlıq bizi də film qəhrəmanına çevirir.

“Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur, - Bayram müəllim mağaranı müşahidə edə-edə danışır, - Ən qədim zamandan insanlar çay qırağında yaşamağı üstün tutublar, bu səbəbdən də ən qədim sivilizasiyalar məhz çay hövzələrində yaranıb. Azıx mağarası da Quruçayın kənarında yerləşdiyi üçün ən qədim zamanlardan insanların maraq dairəsində olub”.

Azıx mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik elədiyi ekspedisiya tərəfindən kəşf edilib. Aparılmış tədqiqat işləri zamanı on bir mədəni təbəqə aşkarlanıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyətinin izləri qalmaqdadır. Burada 700 min il yaşı olan qədim ocağın izləri də var.

Bir azdan mağaranın tavanına əlimi sürtüb his izlərini Bayram müəllimə göstərəndə o da yarı ciddi, yarı zarafatla deyəcək: “Bəlkə də min illər əvvəl əcdadlarımızın yandırdıqları ocağın hisidir, nə bilmək olar”. Nə yalan deyim, onun bu sözləri içimə şübhə toxumu səpəcək.

Bayram müəllim davam edir: “1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsindən apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus alt çənə aşkar edir. Bu tapıntı 18-22 yaşlı qadına məxsus idi. Həmin arxeoloji tapıntının 350-400 min il yaşı vardı. Qədim dövrdə insanların bir neçə faizi otuz yaşa qədər yaşaya bilirdi, çoxu tez ölürdü. Qeyri-sağlam və bişməmiş ətlərlə qidalanma, vəhşi heyvanların toxundurduğu xətərlər, soyuq iqlim insanların tez ölməyinə səbəb olurdu”.

2000-ci illərdən başlayaraq ermənilər mağarada qanunsuz arxeoloji qazıntı işləri aparıblar. Bu qazıntı işlərinin izi göz önündədir. Dar keçidin açıldığı meydançanı keçən kimi taxtadan körpü quraşdırılıb, sağdakı dəmir pilləkən isə daha yuxarı “mərtəbəyə” aparır. Buranın yerinə və mağaranın yuxarı sol hissəsindəki dəliyin ətrafına qum kisələri düzülüb.

Mağarada içindəki dəlikdən keçdikdə daha geniş bir kaha ilə qarşılaşırsan. Adamın inanmağı gəlmir ki, yerin altında bu böyüklükdə boşluq ola bilər. Yeri gəlib, deyim ki, mağaranın ümumi sahəsi 800 kvadrat kilometr, uzunluğu isə 600 metrdən çoxdur.

Bizim dayandığımız yer mağaranın birinci dəhlizidir, Azıx mağarasında bu cür daha yeddi dəhliz var. Onlardan bəzilərinin hündürlüyü 20-25 metrə çatır. Mağaranın digər tərəfdən də girişi olduğu üçün hava rahat şəkildə cərəyan edir. Buna görə də içəri soyuq olsa da, o qədər də rütubətli deyil.

Müharibənin dəhşətlərini anladıqca, düşünürsən ki, qədim insanın Azıxda yaşadığı vaxtdan keçən müddətdə bu lənətə gəlmiş savaşlar hə qədər canlar alıb, hansı faciələrə, hansı bədbəxtliklərə səbəb olub. Heyfsilənirsən. Gərək Azıx mağarasından heç çıxmayaydıq...

Mirmehdi Ağaoğlu

Faiq Həsənov

İlahə Vəliyeva

İqrar Eyvazov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın