14:00 02 Yanvar 2021 180
Ana səhifə Xəbərlər

Bacısının yuxusuna gəldi, səhəri gün şəhid oldu

Seymur Ramiz oğlu Sərxoşov 1987-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi də həmin qəsəbədə bitirib.

APA TV-nin xəbərinə görə, uşaqlıqdan zəhmətkeş, çalışqan uşaq kimi bilinən Seymur ali məktəbi uğurla bitirdikdən sonra ailəsinə dəstək olmağa başlayır.

Qardaşı Sənan Sərxoşov belə deyir: “Fikri ancaq işləmək, ailəsinə baxmaq olub. Onun bir məqsədi var idi - işləmək və ailəsinə baxmaq”.

Atası Ramiz Sərxoşovun sözlərinə görə, Seymurun böyük arzuları var idi: “Nəqliyyatı bitirdiyinə görə yol polisi olmaq istəyirdi. Müəyyən səbəblərə görə alınmadı, sonra başladı sürücü işləməyə. Sürücü işlədiyi müddətdə Qarabağ zonasından başqa bütün Azərbaycanı gəzmişdi. Sonra qardaşını da apardı özüylə işləməyə. Ardınca isə məni də apardı, üçümüz işləyirdik”.

Anası Mehparə xanım deyir ki, ailənin yükünü öz üzərinə götürən Seymurun vətənpərvər, möhkəm xarakteri ilə yanaşı, musiqi duyumu da var idi. O, Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına musiqi məktəbini bitirmiş, orada tarda ifa etməyi öyrənmişdi. Uşaqlıqdan ifa etdiyi qəhrəmanlıq nəğmələrindən birini də şəhadəti ilə özü yazdı: “Hərbidən çox öz sahəsinə marağı var idi. Amma vətən çağıranda marağı böyük oldu. Gülə-gülə getdi. Bacısı zəng eləyib dedi, sənə çağırış gəlib. İlk kəlməsi bu oldu ki, nə yaxşı?”

Qardaşı Kənan Sərxoşov deyir ki, müharibəyə getmək üçün özü can atırdı: “Nə qədər deyirdik getmə, xeyri yox idi. Deyirdi, qardaşlarım hamısı oradadır, mümkündür ki, mən getməyim? Amma bizə elə də hiss elətdirmirdi onu. İçində yaşayırdı, amma bizə hiss elətdirmirdi. Biz onun könüllü yazıldığını da bilmirdik”.

Seymur Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut istiqamətlərində qəhrəmancasına vuruşur. Bacısının yuxusuna bir günlük gəldiyini deyərək, o gecənin səhəri əbədiyyətə qovuşur. Seymur Sərxoşov Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olur: “Bacısı 3 gün ard-arda eyni yuxunu görmüşdü. Dedi ana, Seymuru yuxuda görmüşəm. Ona dedim, Seymur, nə yaxşı gəlmisən? Dedi ki, bir günlük gəlmişəm, qayıdıb gedəcəm. Ayın 18-i günü də həmin yuxunu görmüşdü. Oktyabrın 13-də danışdıq axırıncı dəfə. Bir az danışdıq, sonra nə qədər elədik zəng çatmadı. Ayın 18-də xəbər çıxdı ki, şəhid olub. Demirdi döyüşdəyəm. Deyirdi, ordumuz hücuma keçib, hər şey yaxşıdır. Evdə atadan-anadan muğayat olun, nigaran qalmasınlar”.

Şəhid Seymur Sərxoşov doğulduğu Qızıldaş qəsəbəsində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb: “Oğul kimi o, öz borcunu verdi. Başımızı dik elədi. Utanacaq iş görmədi Seymur. Başqa bir yerdə başına hadisə gəlsəydi, çox heyfsilənərdim. Amma o bacılarına, qardaşlarına elə bir yol qoydu ki... Qardaşım uşağı hərbi forma geyinir, Seymurun otağına hər girəndə hərbi salam verir. Bir kəlməsi də var, deyir, Qarabağ Azərbaycandır, Qarabağ əmimindir”.

Qarabağ Azərbaycandır, Qarabağ 2802 şəhidin hər biridir!

İslam Qədirli

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın