11:00 28 İyun 2020 3342
Ana səhifə Xəbərlər

Bağ evlərinin fantastik kirayə qiymətləri - REPORTAJ

Koronovirus pandemiyası səbəbindən sərhədlər bağlıdır. Buna görə də vətəndaşlar daxili turizmə meylləniblər. Bu səbəbdən bağ evlərinə tələbat çoxalıb. Tələbatın çoxalması isə qiymət artımına səbəb olub.

APA TV-nin məlumatına görə, xüsusilə də Bakı ətrafı bağ evlərinə tələbat artıb.

Karantin dövründə daha çox evdə qalmaqdan darıxan insanlar dincəlmək üçün bağ evlərinə üz tuturlar. Amma maddi sıxıntısı olan vətəndaş üçün bağ evi də xəyal olaraq qalır. Çünki bu evlərin kirayə qiymətləri bahalaşıb. Bağ evlərinin fantastik qiymətlərindən vətəndaşlar da narazıdır.

- Hələ ki istirahətimi evdə qeyd edirəm, bina evində. Bağ evinin qiymətləri ilə maraqlanmışam, qiymət sərf eləmədiyinə görə gedə bilməmişəm. Baha başa gəlir.

- Bağ evlərinə çox adam gedə bilmir. Kimin imkanı var, onlar gedə bilir. Keçən il min manat idisə, 3-4 mindir. Buna görə də camaat üçün çətindir.

Daşınmaz əmlak üzrə ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü Nüsrət İbrahimovun sözlərinə görə ,bağ evlərinin aylıq kirayə qiyməti təxminən 1300 manatdan başlayır. Qiymət əsasən evlərin yerləşdiyi ərazidən asılıdır ki, bu da bağların həm satış, həm də kirayə qiymətlərinə təsir göstərir: “Bağ evlərinə həm mövsümi olaraq tələbat çoxalıb, həm də COVİD-19 pandemiyası ilə bağlı tələb artıb. Bu iki faktor onu deməyə əsas verir ki, 2020-ci ildəki bağ evlərinin həm kirayəsinə, həm də alışına olan tələb əvvəlki illərlə müqayisədə 1,7 dəfə artıb. Bu da bağların həm satış, həm kirayəsində qiymət artımına təsir göstərir”

Bağ evlərində ərazi, həyətyanı sahənin genişliyi və hovuzun olması da qiymətlərə təsir edir. Mərdəkan, Novxanı, Şüvəlan kimi ərazilərdə dincəlmək üçün şərait əlverişlidir. Vətəndaşlar bu ərazilərdə bank əməliyyatlarına, ictimai iaşə obyektlərinə olan tələbatlarını rahatca ödəyə bilirlər. Həmin ərazilərdəki bağ evlərinin qiymətinin baha olması həm də bu keyfiyyətlərə görədir. Daha ucuz bağ evləri isə Şağan, Maştağa, Nardaran kimi ərazilərdədir.

Əmlakçı Ramil Osmanlının fikrincə, koronavirus pandemiyası bağ evlərinin bahalaşmasına təkan verib: “Bu il mövsümi faktorlarla yanaşı, pandemiyanın təsirləri nəticəsində xaricə turistlik səfərlərin məhdudlaşdırılması, Bakı, Abşeron ərazisinə giriş-çıxışın məhdudlaşdırılması bağ sahələrinə tələbatı bir qədər də artırıb. Dincəlmək üçün yeganə seçim imkanı dənizkənarı ərazilərdir. Ötən il 1000 manata təklif olunan bağ sahələrinin qiyməti hazırda 2000 manat və ondan yuxarıdır”.

4 nəfərlik ailə bağ evində bir aylıq istirahət etmək üçün 1500 manat xərcləməlidir. Əliniz cibinizdə olsun!

Fatma Zahidqızı

Üzeyir Ağayev

Musa Qulammirzəyev

APA TV

.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın