15:19 29 İyun 2020 286
Ana səhifə Xəbərlər

"Bakı Metropoliteni" daha iki yeni qatarı istismara verdi

Bu gündən "Bakı Metropoliteni" QSC daha iki yeni qatarı istismara verib.

APA TV xəbər verir ki, 4-cü nəslə məxsus 20 vaqondan ibarət yeni qatarlar "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda "Bakı Metropoliteni"nin sifarişi əsasında istehsal olunub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, il ərzində metronun vaqon parkında müasir tipli yeni vaqonların sayı 75-ə, yeni qatarların sayı isə 15-ə çatdırılacaq: “Bu gün artıq 13-cü qatarımız, müasir tipli qatarımız xəttə buraxılır. Digər 2 qatarımızda xəttə buraxıldıqdan sonra il ərzində “Bakı Metropoliteni”nin vaqon parkında müasir tipli yeni vaqonların sayı 75-ə, yeni qatarların sayı isə 15-ə çatdırılacaq. Tamamilə avtomatlaşdırılmış sistemə malik qatarlardır. Ümumiyyətlə bütün vaqonlar mikroiqlim nəzarəti sistemi ilə təmin olunub, bu isə o deməkdir ki, qatarların hava şəraiti avtomatik şəkildə tənzimlənir”.

Bəxtiyar Məmmədov qeyd edib ki, qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Bu isə vaqonun tutumunu 15% artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb. Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb.

Qurumun sözçüsü həmçinin əlavə edib ki, Bakı metropoliteninin perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub.

İsa İsmayılov

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın