17:17 14 Sentyabr 2020 184
Ana səhifə Xəbərlər

Bakı Metropoliteni fəaliyyətini bərpa etdi – 72 GÜNDƏN SONRA

Pandemiyaya görə 72 gün idi ki, fəaliyyəti dayandırılan Bakı Metropoliteni bu gündən etibarən fəaliyyətə başladı. Metronun açılmasına ən çox sevinənlər isə şəhərdə tıxaca düşərək mənzil başına çatmaqda çətinlik çəkən sərnişinlər idi.

- Avtobuslarda sıxlıq olurdu, camaat çox idi, virus yayıla bilərdi. Kim açıbsa metronu, çox sağ olsunlar.

- Metronun açılmasının müsbət cəhətləri var. Ən birincisi odur ki, biz burda vaxta qənaət edirik. Avtobusla gedəndə yollarda olan tıxaclar işə gecikməyimizə səbəb olurdu. Neçə dəfə olurdu ki, avtobuslar dolu gəlib, biz onları ötürməyə məcbur qalmışıq. Metro üçün çox darıxmışdım.

- Çox yaxşı oldu açılmağı. Avtobuslarda çox tıxac olurdu, işə vaxtında çatmaq mümkün deyildi. Ən azından işə vaxtında çata biləcəyik. Bunun üçün çox sevindim metronun açılmağına.

Qeyd edək ki, yoluxma sayındakı azalma nəzərə alınaraq Operativ Qərargahın qərarı ilə bu gün səhər saat 06:00-dan etibarən Bakı Metropoliteni stansiyaların qapılarını yenidən sərnişinlərin üzünə açıb. Virusun yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə qatarların içərisində məlumatlandırıcı lövhələr yapışdırılıb, gözləmə platformalarında sosial məsafənin saxlanılması ilə bağlı xəbərdarlıqlar yazılıb. Başlıcası isə odur ki, vətəndaşlar metroya maskasız daxil ola bilməyəcəklər.

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, metro ərazisində sıxlığın yaranmaması üçün qatarlar optimallaşmış qrafiklə təmin olunub: “72 gündən sonra nəhayət ki, sərnişindaşıma fəaliyyəti bərpa olundu. Bilirsiniz ki, metropolitenin bağlanması epidemioloji vəziyyətlə əlaqədar idi. Sərnişinlər metrodan maska taxaraq istifadə etməlidirlər. Bu, onlardan stansiyaların girişində tələb olunacaq. Lakin bundan sonrakı mərhələdə məsuliyyət daha çox sərnişinlərin üzərinə düşür. Metropolitendən istifadə edən sərnişinlər maskanı düzgün taxmalıdırlar, maska burun və ağız boşluğunu tam örtməlidir. Qatarlar ən optimallaşdırılmış hərəkət qrafiki ilə təmin olunub. Bu isə o deməkdir ki, gur saatlarda qatarlarımız ən minimal intervalla hərəkət edirlər. Eyni zamanda metropoliten gücləndirilmiş iş rejimi şəraitində çalışır. Günün digər saatlarında ehtiyat qatarlar nəzərdə tutulacaq, zərurət yarandığı təqdirdə, onlar xəttə buraxılacaqlar”.

Yeri gəlmişkən, qeyd edək ki, Bakı Metropolitenində daha iki müasir tipli qatar xəttə buraxılıb. Qatarlar kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir: “Ən müasir, ən son texnologiyalar ilə təchiz olunmuş vaqonlardan ibarət iki qatarın xəttə buraxılması sərnişinlərimizə töhfə adlandırıla bilər. Bakı Metropoliteninin vaqonları müasir standartlara cavab verməklə ilk növbədə sərnişin rahatlığını nəzərdə tutur. Qapıların geniş olması sərnişinlərin vaqona daha sürətlə minib-düşməsini təmin edir. Vaqonlararası keçidlərin olması isə sərnişinlərin qatar boyunca vaqonlarla rahat hərəkət etməsini təmin edir. Bütün bu yenilikləri ilə Bakı Metropoliteni sərnişinlərin xidmətində daim olacaq”.

Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

FATMA ZAHİDQIZI

MUSA QULAMMİRZƏYEV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın