23:20 26 Oktyabr 2019 41
Ana səhifə Xəbərlər

Bakı qışa hazırdırmı? - CAVABDEH QURUMLARDAN AÇIQLAMALAR

Payızı da yavaş-yavaş geridə qoyuruq. Bu o deməkdir ki, qış qapıdadır. Qış ayları isə soyuqla bərabər, bir çox problem də gətirir. Söhbət donu açılmayan problemlərdən gedir - Bakının əbədi problemlərindən.


Kommunal xidmətin iflic vəziyyətə düşdüyü qışda əsasən mənzillərdə istilik - isti su məsələsi göz önünə gəlir. Buna görə də mənzilində, iş yerində illərdir "Azəristiliktəchizat"ın “isti nəfəsi”nə həsrət qalanların canına indidən üşütmə düşüb. Qurumdan isə yenə vəd verildi. Bu payız-qış mövsümündə sözügedən problemlərin yaşanmayacağı deyilir: “Bütün qazanxana və istilik məntəqələrində qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsullarla təmizlənmiş, elektrik avadanlıqları, nəzarət-ölçü cihazlarının təmirə ehtiyacı olanları təmir edilib, təmirə yararsız olanları yenisi ilə əvəz olunub. Qazanxanaların qaz təsərrüfatı ilə bağlı bütün qaz avadanlıqları təftiş olunub. 44 km-ə yaxın qaz xətti yoxlanılıb və istismara yararsız hissələri yenilənib”.

Hətta temperatur kəskin şəkildə aşağı düşərsə... narahat olmayın, qurum bunu da nəzərə alıb. Bu halda qış mövsümünə daha tez - yəni 15 noyabrdan əvvəl keçilə bilər: “Sosial obyektlərlə "Azəristiliktəchizat" ASC arasında istilik təchizatının müddəti müqavilə əsasında tənzimlənir. Əgər havaların kəskin soyuması baş verərsə və həmin təşkilatlar tərəfindən istilik haqlarının ödənilməsinə zəmanət olduğu halda, fərdi qazanxanası olan sosial obyektlərin istilik təchizatının vaxtından əvvəl başlanması məsələsinə baxıla bilər. Ötən illərin praktikasında belə hallar olub. Havaların soyuq keçməsi ilə əlaqədar internatları, uşaq evlərini, doğum evlərini, xəstəxanaları, uşaq bağçalarını istilklə təmin edə bilərik. Ümumiyyətlə istilik mövsümünün vaxtından əvvəl başlaması praktikası mövcuddur”.

Binaların və həyət evlərinin bir qismi "Azəristiliktəchizat" ASC tərəfindən istiliklə təmin olunsa da, əksər yaşayış sahələri alternativ yollarla, əsasən qaz sobaları ilə isidilir. Buna görə də yolumuzu "Azəriqaz" İB-dən saldıq. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov havaların soyuması ilə xətlərə verilən qazın həcmində artım olacağını dedi: "Məsələn, bu gün havanın temperaturu 20 dərəcədir. Sabah temperatur enərək 5 dərəcə olacaq. İstənilən vaxt abonent evində qazdan istifadə edir, istilik cihazlarını işə salır. Ya da deyək ki, kombi sistemi işə salınır. Bu, əlavə sərfiyyat anlamına gəlir və bizim dispetçer xidmətində də, rejimlərə nəzarət sistemində də qeydə alınır. Bu halda isə qaza ehtiyac artır. Belə olduqda sərfiyyata uyğun şəkildə borulara qaz vurulur. Təzyiq aşağı düşdükdə isə stabilləşdirilir”.

Ceyhun Səfərov rəsmisi olduğu qurum üçün hər hansı mövsümə keçid tarixinin olmadığını bildirdi: “Noyabrın 15-i tarixi üçün Nazirlər Kabinetinin qəbul etdiyi payız-qış mövsümünə keçid məsələsini deyirsiniz. Həmin tarix sırf qazanxanalarla, mərkəzləşdirilmiş istilik sistemi olan müəsisələrlə bağlıdır. Bura məktəblər, səhiyyə ocaqları, ümumiyyətlə qazanxanası olan yaşayış binaları daxildir. Artıq bu qazanxanaların tələbatına uyğun olaraq qazın verilişinə başlanılır. Yaşayış evlərində, fərdi mənzillərdə, binalarda qazın tələbatı artdıqca, bu, qeydə alınır və sərfiyyat çoxalır. Eyni zamanda qazın təzyiqi də artırılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, aidiyyəti qurumlara ölkə ərazisində istilik mövsümünə keçid tarixi dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən, Bakıda və digər ərazilərdə noyabrın 15-dən müəyyənləşdirilib.

Həmidağa Məcidov, Musa Qulammirzəyev APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın