11:27 05 Fevral 2020 447
Ana səhifə Xəbərlər

Bakı-Sumqayıt yolu necə genişləndirilir? - REPORTAJ

Hər gün minlərlə avtomobil paytaxtın şimal girişi sayılan Sumqayıt şosesindən paytaxta daxil olur. Bu zaman vətəndaşlar istər giriş zamanı, istərsə də şəhəri tərk edərkən təxminən gündə bir saat, saat yarım vaxt itirir. Bunu isə günlərə, aylara vurduqda kifayət qədər böyük rəqəm edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədilə, prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib: “Hazırda həmin ərazidə yolun genişləndirilməsi, hər iki istiqamət üzrə yolun eninə genişləndirilməsi, ərazidə yaşanan butulka effektinin aradan qaldırılması, bundan əlavə, mövcud avtomobil tunelinə gediş-gəlişli iki hərəkət zolağı əlavə olunmaqla yeni avtomobil tunellərinin inşası həyata keçiriləcək”.

Layihəyə əsasən, yol kənarında tökmə torpaq hissələri qazılaraq çıxarılır. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına qədər genişləndiriləcək.

Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq: “Bundan sonra Sumqayıt, Masazır və Rusiya istiqamətindən Bakı gələn nəqliyyat vasitələrinin sol tərəfdən hər iki hərəkət zolağı üzrə hərəkət etməsi lazım gələcək. Digər zolaqlar isə digər qəsəbələr üzrə hərəkət istiqaməti üçün nəzərdə tutulur. Beləliklə də, ərazidə hərəkət istiqamətləri paylanılacaq deyə nəqliyyat vasitələrinin bir-birinə maneçiliyi aradan qalxmış olacaq”.

Ərazidə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burada fəaliyyət göstərən bir sıra ticarət obyektləri artıq öz fəaliyyətini dayandırıb. Sahibkarlar deyir ki, bir aydan artıqdır ticarət obyektlərinin fəaliyyət göstərməməsi onların ailə büdcəsinə ciddi ziyan vurub. İndi sahibkarları bir məsələ narahat edir. Ərazidə evlərin və obyektlərin söküntüsünə nə zaman başlanılacaq və onlara kompensasiya veriləcəkmi?

Bayram Abbasovun sözlərinə görə, obyekt və evlərini bir ay olar ki, gəlib ölçüblər: “Amma nə vaxt söküləcəyi və hansı məbləğdə kompensasiya veriləcəyi haqqında bir söz deyilməyib. Yalandan mətbuatda deyirlər ki, kompensasiyalar artıq verilməyə başlayıb, amma bizə gəlib bir söz deyən yoxdur. Deyilrər ki, burda işlər “Azəravtoyol” tərəfindən aparılır”.

Nəcəf Abdullayevin isə evi söküntü yerinə düşmür: “Amma obyektlərim var ki, onlar həmin ərazidədir. O obyektləri biz çox çətinliklə tikib ərsəyə gətirmişik. Neçə illərdir oranın hesabına dolanırıq. Gələn deyir sənəd ver. Bizim də məcburi köçkün olduğumuza görə sənədimiz yoxdur. Bilmirik indi necə olacaq. Bizə dedilər ki, buralar söküləcək, kompensasiya da alacaqsınız. Amma nə gələn var, nə soruşan”.

İlyas Musayev də qeyri-müəyyənlikdən narahatdır: “Dövlət burda yol çəkir, toz-torpağın içində itib batmışıq. Heç kim gəlib demir ki, burda nə işlər görüləcək. Eləcə yolun qırağını qazırlar. Bizim də evimiz və obyektimiz düz yolun kənarındadır. İndi taleyimiz necə olacaq, onu bizə deyən yoxdur”.

Ərazidə təmir-tikinti işləri aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur: “Hansı obyektlər və evlər tikinti sahəsinə düşürsə, onlar söküləcək. Kim köçürüləcəksə, onlara məlumat verilib. Kim köçürülməyəcəksə, onlara məlumat verilməyib”.

Qeyd edək ki, ümumilikdə ərazidə aparılan yenidənqurma işlərinin 2020-ci ilin iyun ayına kimi yekunlaşdırılması nəzərdə tutulur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın