08:40 15 Yanvar 2020 168
Ana səhifə Xəbərlər

Bakı-Sumqayıt yolunun genişləndirilməsi mayın sonunadək başa çatacaq

Ötən il Azərbaycanda 1376 km yol tikilərək istifadəyə verilib.

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib: “Agentliyimiz 1376 km-ə qədər Azərbaycanda olan mövcud yolların və yenidən tikilən yolların tam tikintisini başa çatdırıb və vətəndaşların istifadəsinə verib”.

Bakıdan Sumqayıta olan 28 kilometrlik magistral avtomobil yolunun 2008-2011-ci illərdə genişləndirilməsini diqqətə çatdıran Saleh Məmmədov hazırda bu yollarda gündəlik avtomobil hərəkətinin 10-14 minə yüksəldiyini qeyd edib. Sözügedən avtomobil yolunun genişləndirilməsi işlərinə Xırdalan dairəsində 2 hərəkət zolaqlı tunelin tikintisinin başlaması ilə start verilib, işlərin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur: “2019-cu ilin dekabrından bu işlərə başlamışıq. Layihə içləri artıq görülüb. Xırdalan dairəsi deyilən ərazidə mövcud yeraltı tunelin əlavə gediş gəliş hissəsində 2 hərəkət zolaqlı tunelin tikintisi, bundan əlavə, 20 Yanvardan çıxan tuneldən hərəkət zolaqlarının Bakı ətrafı qəsəbələrdən Xırdalan qəsəbəsi də daxil olmaqla Bakı-Quba-Rusiya istiqamətində və Sumqayıt şəhəri istiqamətində gedən hərəkət zolaqlarının ayrılması nəticəsində bu intensivliyin aradan götürülməsi layihəsi artıq hazırlanıb. İşlər gedir”.

Konfransda 2019-cu ilin dekabr ayından Xırdalan şəhəri daxili yollarında aparılan təmir bərpa işləri bu ilin iyun ayının sonlarınadək başa çatacağı bildirilib: “2019-cu ilin dekabr ayından işlərə başlamışıq. Xırdalan şəhərinin mərkəzi prospekti olan Heydər Əliyev prospektində prospektin dərəcəsinə uyğun genişləndirmə işləri aparırıq. Hal-hazırda müəyyən hissələrdə asfalt beton örtüyünün alt qatının vurulmasına başlanıb. Hava şəraitini nəzərə alaraq iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi prospektinin və ətraf küçələrinin tikintisini başa çatdıracağıq”.

S.Məmmədovun sözlərinə görə, Ələt-Astara istiqamətdə yeni tikilən avtomobil yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yolda turniketlər quraşdırılacaq və bu qurğular tender yolu ilə alınacaq. Tariflər müəyyən olduqdan sonra Tarif Şurasına təqdim olunacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın