08:00 14 Noyabr 2019 41
Ana səhifə Xəbərlər

Bakıda 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir

Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - Azərbaycan 10-cu Yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi başlayıb.

APA TV-nın məlumatına görə, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), IDEA İctimai Birliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil olunub.


Sərgidə 10 ölkədən 60 şirkət sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirir.

Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “EkoSfera”, İDEA İctimai Birliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, BP, “Coca Cola”, “Azərsu”, “Təmiz Şəhər” və başqa şirkətlər sərgidə öz stendləri ilə təmsil olunur.


Sərgidə el sənətkarlığını yaşadan insanlar da iştirak edib. Cənub bölgəsinə xas olan belə sənət nümunələrindən biri də həsir toxuma sənətidir.


Sərgidə stenddən qanunvericilik təşəbbüsü ilə çıxış etmək üçün istifadə edənlər də var: “Heyvanlara qəddar rəftara qarşı Azərbaycan Respublikasının Milli Məclisində 2009-cu ildən öz həllini gözləyən qanun layihəsinin müzakirəyə çıxarılmasına çalışırıq. Hazırda ekologiya sərgisində 10-30 nömrəli stendimizdə 40 min vətəndaşın qanunvericilik təşəbbüsündə iştirakını həyata keçiririk”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, son 10 il ərzində “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində 500-dən artıq şirkət iştirak edib: "Bu sərgidə Azərbaycan da daxil 10 ölkədən şirkətlər iştirak edir. Həmçinin 15 şirkət ilk dəfədir ki, buradadır. Sərgidə Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən şirkətlər iştirak edir. Bizim üçün prioritet sahələrdən biri də atmosfer havasının mühafizəsidir. Azərbaycanda su ehtiyatları az olduğuna görə işlənmiş suların təkrar istifadəyə verilməsi ilə bağlı texnologiyalar tətbiq olunur. Digər prioritet məsələlərdən biri isə Xəzərin mühafizəsində önəmli rol oynayan çirkab suların təmizlənib dənizə axıdılmasıdır. Bununla bağlı qabaqcıl şirkətlər müasir texnologiyaları nümayiş etdirdilər".

Qeyd edək ki, “Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə keçirilib. Sayca 10-cu sərgi noyabrın 15-dək davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın