17:20 31 Yanvar 2020 256
Ana səhifə Xəbərlər

Bakıda 114 yaşlı məhəllə qanunsuz inşa olunub? - ARAŞDIRMA

Gördüyünüz bu kadrları Bakı şəhəri, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsi-18 ünvanında çəkmişik.

Əvvəllər Köhnə Suraxanı, indi Yeni Suraxanı adlandırılan bu küçədə yenilikdən heç bir əsər-əlamət yoxdur.

1906-cı ildə salınan bu məhəllənin artıq 114 yaşı var. 18 ailə illərdir burda dədə-baba qonşusudur.

Payızda güclü yağışın, qışda isə qarın əlindən gecəni yatmayıb səhəri dirigözlü açan sakinlərin gün-güzəranı acınacaqlı vəziyyətdədir. 18 ailənin heç birinin evində ayaqyolu belə işləmir. Həyətdə yalnız bir ümumi ayaqyolu var ki, hər ayın tamamında sakinlər öz vəsaitləri hesabına onu təmizlətməyə məcburdurlar. Dəfələrlə məhəllənin yaşlı sakinləri sözügedən sanitar qovşağının qarşısında yıxılıb zədə almalarına baxmayaraq, səslərinə səs verən yoxdur.

Məhəllədə kanalizasiya sistemi olmadığına görə sakinlər evlərdəki sanitar qovşaqlarından istifadə edə bilmirlər. Amma kommunal xərclər vaxtlı-vaxtında ödənilir. Üfunət, nəmişlik qoxusundan mənzillərdə bir dəqiqə belə ayaq saxlamaq olmur: “İcra hakimiyyətinə müraciət etmişik gəlib baxıblar. Bizim evlərimiz “JEK” evləridir. 3 il bundan əvvəl gəldilər, yazdılar və vəd etdilər ki, sizi köçürəcəyik, amma hələ də bir xəbər yoxdur. Evimizin altından su çıxır. “JEK”ə təcili xəbər verdik, su idarəsindən gəlib iki fəhlə baxıb getdi”.

“Problemimiz saymaqla bitməz. Bu məhəllədə 18 ailə yaşayır. Bütün ailələrin evi suyun içindədir”.

“Kanalizasiya sistemi olmadığından, yağış yağan kimi su dizə qədər qalxır. Elə yaşlı adam yoxdur ki, sanitar qovşağının qarşısındakı çuxura yıxılmasın. Suyun içində yaşamaq dözülməzdir. Xahiş edirəm, bir carə etsinlər”.

NİNA KLAÇKOVA milliyyətcə rusdur. Ailəsi və nəvələri ilə birgə bu məhəllədə yaşayır:

“1975-ci ildən bu küçədə yaşayıram. Döşəmənin altında su axır dayanmadan, ayaqyolu dolub-daşır. Günlərlə heç bir aidiyyəti qurum yaxın gəlmir. XXI əsrdə belə yaşayırıq”.

Sakinlərin problemlərinin həllinə aydınlıq gətirilməsi məqsədilə üz tutduq Suraxanı Rayon İcra Hakimiyyətinə. İcra Hakimiyyətinin giriş qapısından içəri buraxılmadıq. Gəlişimizin səbəbini mühafizəçiyə izah etdik. O isə telefonla icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarovla əlaqə saxlamağımıza yardımçı oldu.

Bildirildi ki, Atamoğlan Rzayev-18 məhəlləsi mədən ərazisidir. SOCAR-ın “Suraxanı OİL” idarəsinin tabeçiliyindədir. Buna görə də Suraxanı Rayon İcra Hakimiyyəti sakinlərin problemini həll edə bilmir: “SOCAR-ın balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməyib. Qeyd olunan tikililər neft şirkətinin balansında olduğu üçün həmin tikililərə dair müvafiq tədbirlərin görülməsi və həyata keçirilməsi balansdaşıyıcı təşkilatların nəzarəti ilə həyata keçirilməlidir”.

Sakinlərin şikayətlərini SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədovun diqqətinə çatdırdıq. O, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı bu günədək SOCAR-a heç bir müraciətin daxil olmadığını dedi:

“Rayon ərazisində "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə verərək, ev sahibi olub. Bakı ətrafında bir çox mədən və neft kəmərlərinin olduğu ərazilərdə tikilmiş bu evlər və salınmış məhəllələr artıq kütləvi hal alıb və insanlar üçün çox təhlükəlidir. Çünki sözügedən ərazilərdə qəza riski və radioaktivlik dərəcəsi yüksəkdir. Azərbaycan dövlətinin müəyyən əməliyyatçı şirkətlər qarşısında öhdəliyi var. Bu öhdəliyə görə də artıq layihələndirmə işi gedir”.

İbrahim Əhmədov bildirdi ki, problemin həlli üçün sakinlər həm SOCAR-a, həm də müvafiq məhkəmə instansiyalarına müraciət etməlidirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın