10:40 10 Oktyabr 2019 25
Ana səhifə Xəbərlər

Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir

APA TV-nin məlumatına görə, Bakı Ekspo Mərkəzində keçirilən sərgidə Azərbaycanın və dünyanın ən məşhur ali təhsil ocaqları layihə və stendləri ilə iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Ceyhun Bayramov bu kimi layihələrin ölkənin təhsil sisteminə töhfə verdiyini bildirib: “Artıq ənənəvi olan təhsil sərgisi, ilbəil bu sərgiyə marağın artması Təhsil Nazirliyi olaraq bizdə böyük məmnunluq doğurur. Bu gün bu sərgidə 22 ölkəni təmsil edən 150-dən artıq təhsil müəssisəsinin, müxtəlif təşkilat və qurumların sərgidə iştirak etməsi bunun bariz nümunəsidir”.

Ölkənin bütün ali təhsil müəssisələri sözügedən sərgidə iştirak edirlər. İştirakçılar bu tədbirlərin ali məktəblərə qəbul olmaq istəyən gənclər üçün əla şans hesab edirlər.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın sözlərinə görə, çox fərəhli haldır ki, Azərbaycan gəncliyi sərgi ilə maraqlanır, burada iştirak edir: “Onlar burada universitetlər seçir və ali təhsil müəssisələrinin layihələri ilə yaxından tanış olurlar. Bu gün biz də öz layihələrimizlə, öz inkişafımızla bu sərgidə iştirak edirik”.

İqtisad Universitetinin Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun da sərgi barədə təəssüratları yüksəkdir: “Burada İqtisad Universitetində yaradılmış şərait, universitetin təklif etdiyi layihələr, ikili diplom proqramı, beynəlxalq əməkdaşlıq proqramları, həmçinin tələbə həyatı, kitabxanamız, elektron universitet modeli haqqında sərgi iştirakçılarına məlumat veririk”.

Sərgi iştirakçıları öz təhsil müəssisələrini özünəməxsus stendlər vasitəsilə təmsil edirlər.

Sərgidə xarici universitetlər də öz stendləri ilə öz layihələrini, təhsil perspektivlərini tədbir iştirakçılarına nümayiş etdiriblər.

İstanbul Aydın Universitetinin nümayəndəsi Melike Taşçı sərgidə böyük heyətlə iştirak etdiklərini söyləyib: “Azərbaycanlı tələbələri hər zaman Türkiyə gəlməsini istəyirik. İstanbul Aydın Universiteti texnoloji yeniliklərə önəm verən bir təhsil ocağıdır. Dərslərimiz türk və ingilis dillərində aparılır. Bu, tələbənin təhsil almaq istədiyi proqrama görə dəyişir. Beynəlxalq dil proqramlarımız var. Texnoloji avadanlıqlarımız, laboratoriyalarımız var. Tələbələr bütün bunların hamısından yararlana bilərlər”.

Polşanın Mariya Skladovskaya-Küri adına Universitetinin nümayəndəsi Fəridə Fərəcova xarici tələbələr üçün çox böyük şanslar təqdim etdiklərini deyib: “Onlar burada təqaüd proqramına qoşula bilərlər. Bizim universitetdə bir neçə təqaüd proqramları mövcuddur. Hansı ki, tələbələr bu proqramlara qoşulduqda və imtahanlarda keçdiyi halda, təhsil haqqından azad olunurlar. Belə olan halda bizim universitetdə nəinki bakalavr magistratura və doktorantura təhsili almaq imkanları da var”.

Xatırladaq ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi oktyabrın 12-ə kimi davam edəcək.

Həmidağa Məcidov,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın