15:43 05 Avqust 2020 586
Ana səhifə Xəbərlər

Bakıda çimərlik mövsümünün açılışı oldu – 3 QURUM NƏZARƏT EDƏCƏK

Xüsusi karantin rejiminin növbəti dəfə yumşaldılması ilə bu gündən ölkə ərazisindəki çimərliklər fəaliyyətini bərpa edir. Bu il çimərliklərə 3 qurum - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edəcək.

APA TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxt ərazisində bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib.

Onun sözlərinə görə, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib: “Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb. Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsilə mütəmadi xəbərdarlıq ediləcək”.

Elmin İmanov ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələlərinin həll edildiyini də diqqətə çatdırıb: “Kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb”.

Çimərliklərə gedən şəxslər isə könüllülər tərəfindən qeydiyyata alınacaq. “Asan Xidmət”in könüllüsü Xanım Rzayeva bildirib ki, vətəndaşlar çimərliklərə giriş edərkən onlar ASAN Xidmətin xüsusi aplikasiyası vasitəsilə qeydiyyata alınacaqlar: “Məsələn çimərliyə 5 nəfər vətəndaş gəldikdə biz onları qeydiyyata alırıq və avtomatik olaraq həmin şəxslər sistemdə qeydiyyata düşür. Bu yolla bilirik ki, bu çimərlikdə artıq 5 nəfər var. Vətəndaşlar bura gəlməmişdən əvvəl cimerlik.az saytına daxil olaraq gedəcəyi çimərlikdəki sıxlığı gözdən keçirərək həmin yerlərə üz tuta bilərlər”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın