16:39 23 Sentyabr 2020 282
Ana səhifə Xəbərlər

Bakıda daha bir həyət abadlaşdırılaraq istifadəyə verildi – ÜÇ MİN SAKİN İSTİFADƏ EDƏCƏK

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində həyətlərin abadlaşdırılması davam edir.

APA TV xəbər verir ki, növbəti abadlaşdırılma işləri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi 3A, 4, 4A, 5, 5A, 5B, 5V ünvanında aparılıb. 3000 nəfər sakinin yaşadığı binaları əhatə edən həyətdə yaşıllıqlar salınıb. IDEA İctimai Birliyinin icraçi direktoru Surxay Şükürov deyir ki, layihənin əsas məqsədi sakinlər üçün sağlam, təhlükəsiz yaşam şəraitinin yaradılmasıdır: “IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması məsələsinə daim önəm verən təsisçi və rəhbərimiz Leyla Əliyevanın xüsusi diqqət yetirdiyi bir layihədir. Pandemiyanın davam etdiyi bir dövrdə insanların açıq havada, yaşıllıq olan məkanlarda vaxt keçirməsi böyük əhəmiyyət kəsb edir. Karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırıldıqdan sonra təmir-bərpa işləri davam etdirilir”.

Həyətlərdə yaradılan şəraitdən sakinlər də razıdır:

- Buranın sakiniyəm. Əvvəl həyətimiz pis idi. IDEA buraları gözəlləşdirdi. Oturmağa yer yox idi. Attraksionlar çoxaldı, vaxtımızı burda keçiririk.

- Əvvəllər bir az pis idi buralar, yaşıllıq, ağaclar, güllər yox idi. İndi isə çox gözəlləşib.

- Yaxın məhəllədə oluram. İstirahət etmək üçün gəlirəm parka. Gözəldir, hər cür şərait yaradıblar. Həm uşaqlar, həm böyüklər üçün hər cür şərait yaradıblar.

Abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb.

Yeni həyətlərin ərazisində 18 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Həmçinin həyətlərdəki binaların liftləri yenilənib, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib.

Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 50 ədəd ağac əkilib.

Yenilənmiş həyətlərdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər də həyata keçirilib, dezinfeksiya dispanserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın