16:49 19 Aprel 2021 58
Ana səhifə Xəbərlər

Bakıda evdən 11 min manat oğurlayan şəxslər tutulub

Suraxanı rayonunda evdən külli miqdarda pul oğurlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.

Naməlum şəxslər zərərçəkənin mənzilindən 11 600 manat oğurlayıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıb.

Oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də, digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın