11:20 14 Yanvar 2020 505
Ana səhifə Xəbərlər

Bakıda evdən 76 min manatlıq oğurluq edən dəstə üzvləri tutuldu - ÜÇÜ ƏMİOĞLUDUR

Bakıda mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat nəticəsindəötən il dekabrın 26-da Badamdar qəsəbəsində yerləşən evlərin birindən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, onun əmisi oğlanları Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri Elmir Əsgərov və Cəfər Əlibəyli tutulublar.

Qeyd edək ki, mənzildən oğurluq etmək təklifini zərərçəkənin sürücüsü olan Tural Abbasov verib. O, dekabrın 26-da ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərovla birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında Bəhruz Abbasov pusquda dayanıb, Tural Abbasov və Elmir Əsgərov isə mənzilə daxil olub. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar.

Saxlanılan Tural Abbasov cinayəti planlaşdırdığını etiraf edib: “Qohumumun evində sürücü işləyirdim. Bilirdim ki, evdə pul var. Elə maraq yarandı ki, belə bir iş görüm. Sadəcə, sonra dedik ki, bizə bir nəfər də lazımdır. Yəni biz 2 nəfər bunu həll edə bilməyəcəyik. Qohumumun, Bəhruzun bir tanışı var idi. Adı Elmir idi. Üçümüz oturduq, danışdıq, razılaşdıq. Qərara gəldik evə girək. Evdə seyf olduğunu bilirdik. Seyfi açmaq üçün bizə kəsici alət lazım idi. Bunun üçün bir ədəd laqonda tapdıq”.

Elmir Əsgərov da cinayətdə iştirakını inkar etməyib: “Tural və Bəhruz mənə dedi ki, gedək girək qohumlarımızın evinə. Ordan pulu götürüb çıxaq. Evə girdik. Bəhruz çöldə qalmışdı. Tural da hasardan daxil olub qapını açdı. İçəri daxil olduq. Seyfi açdıq, pulu götürüb. Evdən çıxdıq”.

Bəhruz Abbasov isə cinayətdə sürücü kimi iştirak etdiyini söyləyib: “Turalla Elmir evə girdilər. Mən qaldım çöldə. Həmin məqamda da maşın gəlmədi. Mənə verdiyi nömrələrin maşını. Mən də bunlara xəbər vermədim. Bundan sonra onlar işlərini görüb qurtarandan sonra onları taksi ilə gedib gətirmişəm. Pulu böləndən sonra mənə 3300 manat veriblər. İkinci dəfə də qızılları verəndən sonra 7000 manat veriblər mənə”.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Tural Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar. Oğurluq hadisəsindən sonra onlar Mahir Abbasovun nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə dəstə üzvlərindən alıb. Bu əməllərinə görə Mahir Abbasov və Cəfər Əlibəyli də istintaqa cəlb ediliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın