20:40 23 Aprel 2018 1700
Ana səhifə Xəbərlər

Bakıda fəhlə yataqxanası hər an uça bilər - SOS

Onlar nə az, nə çox - düz 25 ildir bu binanın sakinləridir. Söhbət Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 23A ünvanında yerləşən fəhlə yataqxanasından gedir. Uzun illərdir burda yaşayan məcburi köçkünlər dəfələrlə yararsız vəziyyətdə olan və istismar müddəti bitmiş yaşayış binasını öz hesablarına az da olsa, təmir ediblər. Hazırda isə vəziyyət daha acınacaqlıdır.

Bina uzun illərdir istismar olunduğundan, demək olar ki, yararsız hala düşüb, yataqxananın dam örtüyü, sanitar qovşağı, su və elektrik xətləri bərbad vəziyyətdədir. Burada Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkün düşmüş yüzə yaxın məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Yayda toz-torpaq, qışda palçıqlı həyət, yararsız vəziyyətdə olan balkonlar, ayağının altında dağılmağa hazır olan pilləkənlər, zir-zibilli, üfunət qoxuyan dəhlizlər: "Yaşayışımız acınacaqlıdır. Bina qəzalıdır. Dəfələrlə müraciət etmişik. İndi də bu qəzalı vəziyyət olan binanın qarşısında hündürmərtəbəli bina tikirlər. İnanın, tikinti işləri bu binanı gün ərzində dəfələrlə silkələyir. Tavan az qalır başımıza uçsun. Ümidimiz Prezident İlham Əliyevə və Mehriban Əliyevayadır. Bizim bu qəzalı binadan köçməyimizə yardımçı olsunlar".

Artıq bünövrəsi qoyulan yeni binanın tikintisinə etiraz edən məcburi köçkünlər deyir ki, gün həyətə tikinti materiallarını daşıyan yük maşınlarının gün ərzində bir neçə dəfə girib-çıxması onların yaşayışını daha da çətinləşdirir.

Ərazidə tikinti şirkətinin nümayəndəsini tapa bilmədik. Amma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon şöbəsinin müdiri Abuş Məmmədovla görüşdük: "Hadisə ilə bağlı vətəndaşlar müraciət etdilər. Gördüyünüz kimi, dərhal əraziyə gəlmişik. Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə birgə araşdırma aparılır. Bildiyiniz kimi, binanın qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəy verməlidir. Araşdırmalardan sonra hökumətə məlumat veriləcək. Qısa bir zamanda vətəndaşlar bununla bağlı bilgi ala biləcəklər".

Ümid edək ki, bu insanlar ikinci dəfə yaşadıqları evdən məcburi köçkün düşməyəcəklər.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın