17:33 08 Aprel 2021 75
Ana səhifə Xəbərlər

Bakıda it və pişiklərdən nümunələr götürülür – KORONAVİRUSA GÖRƏ

COVID-19 təhlükəsi təkcə insanları deyil, heyvanları da təhdid altında saxlayır. Zaman-zaman bu virusun insanlardan heyvanlara yoluxması barədə bir çox suallar gündəmə gəlib. Bu suallar isə heyvanlarla sıx təmasda olan insanları da narahat edir.

APA TV xəbər verir ki, elə bunu nəzərə alaraq Qida Təhlükəsizliyi İnstitutu koronovirusun heyvanlar arasında yayılıb-yayılmamasını araşdırmağa başlayıb.

Belə ki, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla təmasda olan, yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya aşkar edilən ev heyvanlarından nümunələr götürülür.

Mərhələli şəkildə həyata keçirilən layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında aparılır.

AQTİ-nin mütəxəssisi Çiçək Süleymanova deyir ki, heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən də qan və yaxma nümunələri götürülür: “Əsasən COVID-19 xəstəliyinin insanlardan heyvanlara keçməsi, eləcə də heyvanlar arasında bu virusun sirkuliasiya etməsi ilə bağlı yaranmış məlumatların araşdırılması əsas hədəflərdən hesab edilir. Mövzunun aktuallığı nəzərə alınaraq AQTİ-nin elmi tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin heyvan sağlamlığı tərəfindən də məhz COVID-19 xəstəliyinin də xüsusilə itlər və pişiklər arasında yayılmasının öyrənilməsi ilə bağlı olaraq elmi-tədqiqat işlərinə start verilib. COVID-19-a görə götürülmüş test nümunələri müsbət çıxan, eləcə də respirator, mədə-bağırsaq sistemi ilə bağlı patologiyalar müşahidə edilən insanların saxladığı heyvanlardan nümunələrin götürülməsi aktual hesab edilir”.

İnsanlarla yanaşı, heyvanlar üçün də riskli sayılan COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV2-yə dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında yoluxma faktları qeydə alınıb. Aparılan elmi araşdırmalara görə, COVID-19 xəstəliyinin heyvanlar, xüsusilə, it və pişiklər arasında yayılmasının əsas səbəblərindən biri yoluxmuş insanlarla sıx təmasdır.

Fatma Zahidqızı

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın