07:20 24 Yanvar 2020 805
Ana səhifə Xəbərlər

Bakıda məktəbdən uşaq oğurlamaqda şübhəli bilinən qadın kimdir? - REPORTAJ

Sosial şəbəkələrdə Bakıda uşaq oğurluğu ilə məşğul olduğu iddia edilən qadın haqqında səs yazısı və fotolar yayılıb.

APA TV-nin məlumatına görə, səs yazısında iddia olunur ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşaraq, onları aldadıb oğurlamağa cəhd edib.

Məsələni araşdırmaq üçün sözügedən məktəbə yollandıq. Çəkiliş qrupumuzu görən mühafizə xidməti məktəbin bütün giriş qapılarını üzümüzə bağladı.

96 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri də məsələdən xəbərdar olduqlarını və narahatlıq keçirdiklərini bildirdilər: “Qorxuram mən. Səhər eşitdim ki, bir nəfər qadın bu məktəbdə oxuyan şagirdə deyib ki, gəl sənə telefon verirəm. Həmin şəxs uşağı aparırmış, amma valideynlər imkan verməyiblər. Belə şeylər olmasın da. Vallah, adam uşağı məktəbə göndərməyə də qorxur. Bu hadisədən sonra valideynlər öz uşaqlarını qorumalıdır. Belə bir şeyin baş verməyi pis bir haldır. Uşaqlarımızı qorumalıyıq. Bu vaxta qədər bu məktəbdə belə bir şey görməmişəm, eşitməmişəm. Heç kimdən də narazılığım yoxdur. Valideynik, uşağımızla maraqlansaq, onun başına heç nə gəlməz”.

Təxminən bir saat sonra məktəb rəhbərliyi suallarımızı cavablandırmaq üçün nümayəndə göndərdi. Özünü keçmiş direktor müavini və məktəbdə yerləşən 16 saylı seçki məntəqəsinin sədri kimi təqdim edən Valeh Ağakişiyev bildirdi ki, sosial şəbəkələrdə yayılan səs yazıları, bu məsələ haqda danışılanlar tamamilə cəfəngiyyatdır: “Bilmirəm, məktəb də elə onu axtarır ki, o şayiəni yayan kimdir. Həmin adamın orda necə pafosla danışdığı hiss olunur. Səs yazısı qurma bir şeydir. Bu, yalanın, şayiənin süjet xətti üzərində qurulmuş bir məlumatdır. Məktəbin həm içərisində, həm də çölündə təhlükəsizlik kameraları var. Bayırda 3 yerdə kamera var. O biri girişdə və məktəbin arxasında da kamera var. Eyni zamanda məktəb daxilində hər mərtəbədə 3 kamera var”.

Valeh Ağakişiyev bildirdi ki, hazırda məktəbdə təhsil alan şagirdlərə həm müəllimlər, həm də valideynlər tərəfindən ciddi nəzarət olunur: “Məktəbdə heç bir hadisə olmayıb. Məktəbdə daimi nəzarət var. Valideynlər hamısı gəlib yığışır bura. Müəllimlər dərs bitən kimi sırayla uşaqları gətirib valideynlərə təhvil verirlər. Əgər valideyn gəlməyibsə, uşaq məktəbin içərisində qalır. Xidmətçi valideyn gələnə kimi həmin uşaqlara nəzarət edir. Valideyn gələndən sonra uşaq ona təhvil verilir”.

Araşdırma zamanı müəyyən etdik ki, naməlum qadın tərəfindən oğurlanması iddia olunan şagird 96 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Yağmur Babayevadır. Yağmurun nənəsi Gülsüm Babayeva dedi ki, nəvəsi oğurlanmayıb və yayılan şayiələrin heç biri həqiqəti əks etdirmir: “Yaxınlaşıb deyib ki, bala, mən xəstəyəm, mənim ailəm dağılıb. Gəl gedək, o tərəfdə gəzək. Həmin adamın ağlı olsa, azyaşlı uşağa bunu danışar? Xəstədir həmin adam. Yalan söhbətdir. Uşağın nənəsi mənəm. Ən düzünü mən bilirəm. Mənim nəvəm oğurlanmayıb. Sadəcə, həmin adam deyib ki, gedək gəzək”.

Məsələ ilə bağlı APA TV-yə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sözçüsü Bəşarət Məmmədov sözügedən hadisədən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, naməlum qadının uşaqlara yaxınlaşaraq, onları aldadaraq oğurlamağa cəhd etməsi barədə xəbər doğrudursa, buna görə məktəb rəhbərliyi məsuliyyət daşımır. Çünki hadisə məktəbin xaricində baş verib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində adı uşaq oğurluğunda hallanan naməlum qadının kimliyi müəyyən olunub. BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA TV-yə bildirib ki, fotoşəkilləri yayılan həmin qadın - 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib və 96 saylı orta məktəbdə uşaq oğurluğu ilə bağlı yayılan məlumatlar dezinformasiyadır: "Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".

Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları isə məhduddur.

Həmidağa Məcidov,

Faiq Həsənov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın