14:40 22 Avqust 2019 132
Ana səhifə Xəbərlər

Bakıda məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR NECƏDİR

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. APA TV-nin məlumatına görə, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı Metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında fəaliyyət göstərir: “Bakının 19 yerində quraşdırılan yarmarkalardan biri də “Gənclik” metro stansiyasının çıxışında yerləşir. Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq valideynlər alış-verişə start verib. Bəs qiymətlər sərfəlidirmi? Bunu araşdırmağa çalışacağıq”. Çəkiliş apardığımız günorta saatlarında alıcılar nisbətən azlıq təşkil edirdi. Amma satıcılar alıcı axınının əsasən iş vaxtından sonra - axşamüstünə təsadüf etdiyini deyir. Adətən, insanlar alış-verişi dərslərin başlamasına az qalmış edir. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur. Satıcılarla söhbətləşib, qiymətlərlə də maraqlandıq. Məlum oldu ki, 12 vərəqli dəftər 10 qəpiyə, 40 vərəqli dəftər 30-40 qəpiyə, 60 vərəqli dəftərlər 40-50 qəpiyə, 100 vərəqli dəftər 60-80 qəpiyə, yapışdırıcı 60 qəpik - 1 manata, su qabları 10-12 manata, qələmyonan 1 manat 50 qəpik - 2 manata, qələmlər 10, 50 qəpik - 2 manata, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə, gündəliklər 1 manat 50 qəpiyə satılır. Satıcı İlkin Muradlı alıcıların ən çox çanta, qələm, pozan, xətkeş kimi xırdavatlara maraq göstərdiyini deyir: “Ən çox satılan mallar çantalardır ki, qiyməti 8 manatdan başlayır, 75 manata kimi davam edir. Karandaşların qiyməti 1 manat 50 qəpikdən başlayır 7 manata, qələmlər 10 qəpikdən başlayır, 2 manat 50 qəpiyə qədər davam edir”. Alıcıların birinci keyfiyyətə, sonra qiymətə önəm verdiyini deyən satıcı endirim etdiklərini də deyir: “Çoxlu alış-veriş edənlər üçün endirimlər edirik. Elə adam var, deyir, imkanım yoxdur, onu nəzərə alıb kömək edirik”. Nəvəsi üçün məktəb alış-verişi edən Şamama Salahova isə çoxlu əşya aldığı üçün ona endirim etdiklərini deyir: “Dəftər, kitab, çanta almışam, başqa yerlərdən fərqi var. Alarkən dəftərin tikilişinə, cızıqlarına fikir verirəm”. “Mənim də, nənəmin də xoşu gəldi”. Əli Hacıyev yarmarkaya çanta almağa gəlib: “Burda başqa yerlərə nisbətdə qiymətlər çox aşağıdır. Çox əşya aldıqda güzəştlər edilir”. Əzizağa Quliyev tələbədir və yarmarkanın ona sərf etdiyini bildirir. Keyfiyyətə gəlincə, alıcı deyir ki... “Keyfiyyət də yaxşıdır, başqa yerlərlə keyfiyyət eyni səviyyədədir, amma qiymətlər aşağıdır”. Başı alış-veriş etməyə qarışan bir alıcıya yaxınlaşaraq söhbətləşdik. Dövlət Dəniz Akademiyasının tələbəsi Aqil Sadiqov qiymətlərdən və keyfiyyətdən razılıq etdi. Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Ticarət və Xidmət Departamentindən isə öyrəndik ki, Departament tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək. Məqsəd odur ki, məktəbli ləvazimatlarının satışı pərakəndə şəkildə olmasın, kim harada istəsə, məhsulu satmasın, küçələrdə xırda ticarətlər olmasın, şəhərdə antisanitariya olmasın. Yarmarkanın təşkilində əsas məqsəd valideynlərə az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etməsinə kömək etməkdir. Yarmarkaların digər məktəb ləvazimatları satılan yerlərdən fərqli olub-olmasını isə alış-veriş edərək siz deyə bilərsiniz. Qeyd edək ki, yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın