16:40 25 Mart 2020 154
Ana səhifə Xəbərlər

Bakıda polis 65 yaşdan yuxarı vətəndaşlarla bağlı reyd keçirdi

Paytaxtda koronavirus təhlükəsi ilə bağlı reyd keçirilib.

APA TV-nin verdiyi məlumata görə, koronavirusun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini əsas tutaraq Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində, park və ictimai obyektlərdə təhlükəsizlik tədbirləri görüb.

Keçirilən reydlə bağlı idarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, reyd zamanı heç bir insident qeydə alınmayıb. Sadəcə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 65 yaşdan yuxarı şəxslər, ictimai əhəmiyyətli yerlərdə insanlararası təmas məsafəsini qorumayan və gigiyenik təhlükəsizlik vasitələrindən istifadə etməyən vətəndaşlara xəbərdarlıq olunub: “Paytaxtın hər yerində bu cür təhlükəsizliklə bağlı reydlər təşkil olunub. 65 yaşından yuxarı vətəndaşların evə qədər müşayiət olunması və başqa sosial xidmətlər onlara təqdim olunub. Vətəndaşlar özləri də bu tədbirlərdə fəal iştirak etməlidirlər. Şəhərin hər yerində bununla bağlı müşahidə aparılır. Qaydalara əməl etməyən vətəndaşlarla az-az rastlaşsaq da, ümumilikdə deyə bilərəm ki, əhali küll olaraq qoyulan qaydalara əməl edir”.

Elşad Hacıyev qeyd edib ki, polis əməkdaşalrının şəxsi gigiyenasına da idarə xüsusi diqqət yetirir: “Polis tələb və tövsiyələrə uyğun olaraq qoruyucu maska və əlcəkdə hərəkət edir. Bu hərəkət prosesində polislə bağlı hansısa neqativ hal müşahidə olunmayıb”.

Mətbuat katibi təhlükəsizlik tədbirləri ilə bağlı vətəndaşlara müraciət edib: “Hər bir vətəndaşdan xahiş edirik ki, bu tövsiyə və tələblərə əməl etsinlər. Öz sağlamlıqlarına diqqət etsinlər və cəmiyyətin sağlamlığına biganə yanaşmasınlar”.

Biz də öz növbəmizdə vətəndaşlarımızı Nazirlər Kabinetinin qərarı ilə elan olunan karantin rejiminə əməl etməyə və ictimai yerlərdən maksimum az istifadə etməyə dəvət edirik.

Səfər Əlizadə

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın