17:15 26 İyun 2020 553
Ana səhifə Xəbərlər

Bakıda polis maska taxmayan sərnişinləri metro və avtobuslara buraxmadı – PROFİLAKTİK TƏDBİR

Bakıda koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə parklardan, metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

APA TV-nin məlumatına görə, polis əməkdaşları tərəfindən karantin postlarında, parklarda, Bakı Metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, icazəsi olmayan sürücülər və sərnişinlər barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Bakı Metropolitenində Polis Şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində, platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərlə profilaktiki söhbətlər aparıblar.

Diqqətə çatdırılıb ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hər bir hərəkət iştirakçısı sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Nəzərə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Avtobuslara və metro stansiyalarına tibbi maskadan istifadə etməyən şəxs buraxılmayıb. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburidir. Maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın